EN

“Bizim sayəmizdə Qazaxıstanda futbol inqilabı baş verdi” - Arteta “Kayrat”la oyundan sonra Urazbaxtinə nə deyib?

Əvvəlki illərdə Çempionlar Liqasında potsovet məkanından əsasən Rusiya və Ukrayna klublarının oyunlarını izləyirdik. İndi dövr dəyişib. Rusiya futbolunun məlum məsələlər üzündən zatən “kitabı bağlanıb”. Ukrayna futbolu isə o qədər geriləyib ki, artıq ÇL-in əsas mərhələsinə təmsilçi göndərə bilmir.

"Football-plus.az" xəbər verir ki, bu mövsüm bu turnirdə postsovet məkanını “Qarabağ”la “Kayrat” təmsil etdi. Təmsilçimiz daha öncə ÇL-in qrupunda oynadığından budəfəki uğur qeyri-adi hadisə kimi qəbul olunmadı. “Kayrat” isə əsl tarix yazdı. Qazaxıstan çempionu təsnifatda “Slovan” və “Seltik” kimi heç də zəif olmayan rəqibləri keçərək liqa mərhələsinə vəsiqə qazandı.

Komanda burda 36 iştirakçı arasında sonuncu yeri tutsa da, bu uğurun baş memarı Rafael Urazbaxtinin fikirləri ilə tanış olmaq maraqlı olar. 2024-dən “Kayrat”ı çalışdıran 47 yaşlı mütəxəssis “Arsenal”a 2:3 məğlub olduqları liqa mərhələsinin son matçının ardından Rusiya mətbuatına müsahibə verib.

- “Arsenal”la oyundan dərhal sonra qayıtdız?
- Xeyr. Futbolçular qayıtsa da, biz məşqçilər korpusu bir müddət Londonda qaldıq. “Çelsi”də ixtisassrtırma kursları keçdik.

- “Arsenal”la oyun necə alındı?
- Təbii ki, çətin olacağını bilirdik. Oyun bizim üçün ciddi əhəmiyyət kəsb etməsə də, bir növ sınaq idi. Bu sınaqdan layiqli şəkildə çıxmaq istəyirdik. Çünki “Arsenal” kimi bir rəqiblə oynamaq fürsəti hər gün ələ düşmür. Fikrimcə, “Arsenal” hazırda dünyanın ən güclü klublarından biridi. Liqa mərhələsinin yekun cədvəli də bu fikrimi bir daha təsdiq edir. Oyuna inamsız başladıq və erkən qol buraxdıq. Rəqibin dərhal üzərimizdə təzyiq quracağını bilirdik. İlk dəqiqələrdə həyəcanlıydıq. “Emireyts”in özünəməxsus atmosferi var. Bu məqam da öz sözünü dedi. Yaxşı ki, bir müddət sonra hesabı bərabərləşdirdik və plana uyğun oynamaqda davam etdik. Fasilədə etdiyimiz bəzi dəyişikliklər sayəsində ikinci hissədə daha təsir bağışladıq. Futbolçular verdiyim bütün tapşırıqları yerinə yetirdi. İstənilən halda əlimizdən gələni etdik. Səhv etmirəmsə, biz bu mövsüm “Arsenal”a iki qol vuran yeganə komanda olduq. Bunun özü də böyük uğurdu (gülür). Yalnız “İnter” və “Bavariya” buna qədər “Arsenal”a qol vurmuşdu.

- “Emireyts”də əsrarəngiz atmosfer var idimi?
- Bəli, atmosfer möhtəşəm idi. Ən azı 60 minlik stadiondu və tribunalar sona qədər dolu idi. Yerli komandaya dəlicəsinə bir dəstək var idi. Bütün stadion eyni anda oxuduqda adamın tükləri biz-biz olur. Unudulmaz bir xatirə yaşadıq.

- Mikel Arteta ilə söhbətiniz oldumu?
- Bəli, oyundan sonra söhbətləşdik. Hətta birlikdə şəkil də çəkdirdik. Belə məşqçiyə qarşı oynamağın mənim üçün xoş olduğunu dedim. Həqiqətən də əvəzsiz təcrübə yaşadım. Arteta da bizimlə bağlı bəzi xoş sözlər söylədi. Bizim “İnter” və “Real”a qarşı oyunlarımızı izlədiyini dedi. Ürəkli oyunumuzu qeyd etdi və heç bir rəqibdən çəkinmədiyimizi vurğuladı. Ən əsası “Kayrat”ı geniş ürəyə malik olan bir kollektiv adlandırdı. Onun kimi bir məşqçinin dilindən belə sözlər eşitmək ikiqat xoş oldu.

- Oyun keyfiyyəti baxımından “Kayrat”ın liqa mərhələsindəki hansı matçını xüsusi qeyd etmək olar?
- Yəqin ki, ən keyfiyyətli oyunumuzu səfərdə “İnter”ə qarşı sərgilədik. Həmin matç üçün optimala yaxın heyət toplaya bilmişdik. Düzdü, son anlara yaxın oyundan düşdük və yenə də bəzi isimlərin yeri görünürdü. Amma o görüşdə həqiqətən xal qazana bilərdik.

- Ümumilikdə “Kayrat”ın liqa mərhələsindəki nəticələrini necə qiymətləndirmək olar?
- Bizim üçün bu turnirə düşməyin özü artıq böyük uğurdu. Tək klubumuz üçün yox, bütün Qazaxıstan üçün. Ölkəmiz son 10 ildə ÇL-in əsas mərhələsində təmsil olunmamışdı. Böyük klublara qarşı oynamaq təcrübəmiz yoxdu. Rəqiblərimizin gücünü bilirdik və işimizin çox çətin olacağını anlayırdıq. Bütün oyunları təhlil etdikdə deyə bilərəm ki, “Pafos”u məğlub edə, “Olimpiakos”la “İnter”dən isə xal ala bilərdik. İlk təcrübə üçün normaldı. Təbii ki, hesabımızda daha çox xalın olmasını istərdim. Amma bu səviyyələrdə təcrübə böyük rol oynayır. Bizdə bəziləri, ümumiyyətlə, bu səviyyədə ilk dəfə oynayırdı. Bizim sayəmizdə ölkədə sanki futbol inqilabı baş verdi. Adi insanların və iş adamlarının bu idman növünə marağı artdı. Bəzi klublar bəzi şəxslərin tabeliyinə keçdi. Bəlkə də Nani və Moyzes kimi ulduzların gətirilməsi bununla bağlıdı. İndi ölkədə bir çoxları bizim uğurumuzu təkrarlamaq istəyir. Bunun üçün çempionatda yaxşı oynamaq və avrokuboklara vəsiqə qazanmaq lazımdı.

- “Kayrat” özü böyük transferlər həyata keçirəcəkmi?
- Bizim indi strategiyamız fərqlidi. “Kayrat” artıq o dönəmi keçib. Biz də vaxtilə Andrey Arşavin, Anatoli Timoşuk, Vaqner Lav kimi ulduzlar dəvət etmişdik. İndi artıq iştahımızı azaltmışıq və başqa yola yönəlmişik. Çətin ki, hay-küylü transferlər həyata keçirək.

- Bəs “Kayrat”ın ambisiyaları böyüyübmü?
- Əlbəttə. Bu səviyyədə oynamağın nə demək olduğunu artıq bilirik. Düzdü, bizə bir daha ÇL-in liqa mərhələsində oynamağın qismət olub-olmayacağını bilmirəm. Amma qarşıdakı ildə hədəf üç avrokubokdan birinin liqa mərhələsinə qatılmaq olacaq.

- Bu mövsüm kimi ÇL-in əsas favoriti sayırsız?
- Turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan bütün klubları favoritlər arasında göstərmək olar. İlk növbədə “Arsenal”, “Liverpul”, “Bavariya” və “Barselona”... Fikrimcə, bütün top-klublar öz aralarında gərgin rəqabət aparacaq.

ƏLİ RAUFOĞLU hazırladı

Chosen
38
1
football-plus.az

2Sources