EN

Tramp Ukraynadakı münaqişənin tezliklə həll olunacağını proqnozlaşdırıb

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsində tərəflərin mahiyyət etibarilə artıq razılığa yaxınlaşdıqlarına inandığını bildirib.

Editor.az xəbər verir ki, ABŞ lideri bu fikirləri Vaşinqtonda keçirilən Milli Dua Səhər Yeməyi tədbirində çıxışı zamanı səsləndirib. Çıxış C-SPAN kabel və peyk televiziya şəbəkəsi vasitəsilə canlı yayımlanıb.

“Biz bu müharibəni tamamilə bitirmək üçün çox ciddi şəkildə çalışırıq. Buna nail olmağa çox yaxınıq. Demək olar ki, artıq bacarmışıq”, – deyə Ağ Ev rəhbəri vurğulayıb.

Tramp çıxışı zamanı ikinci prezidentlik müddətinə namizədliyini irəli sürməsinin səbəblərinə də toxunub. Onun sözlərinə görə, seçkidə qələbə qazanmaq şəxsi ambisiyalarını və eqosunu təmin etmək baxımından vacib idi. “Əks halda, eqom həyatımın sonuna qədər məni narahat edərdi”, – deyə ABŞ prezidenti qeyd edib.

Bununla yanaşı, Donald Tramp sələfi Co Baydenin fəaliyyətini və idrak qabiliyyətlərini də tənqid edib.

Qeyd edək ki, Milli Dua Səhər Yeməyi ABŞ Konqresi və qeyri-kommersiya dini təşkilat olan Fellowship Foundation tərəfindən hər il fevral ayının əvvəlində Vaşinqtonda təşkil olunan ənənəvi tədbirdir.

// Gülnarə Abasova, Editor.az

Chosen
77
editor.az

1Sources