EN

Milli Məclisdə dövlət-din münasibətləri müzakirə olundu

Azərbaycan Respublikasının Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsində Dini qurumlarla iş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.

Publika.az xəbər verir ki, görüşdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvləri, Dövlət Komitəsi yanında İctimai Şurada təmsil olunan elmi ictimaiyyətin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, ilahiyyatçılar iştirak edib.

Qonaqları salamlayan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa görüşün məqsədi, önəmi barədə məlumat verib. O bildirib ki, dövlət–din münasibətləri sahəsində ictimai dialoqun gücləndirilməsi, ictimai iştirakçılığın dərinləşdirilməsi və ictimai nəzarət mexanizmlərinin inkişafı müasir çağırışlar fonunda xüsusi aktuallıq daşıyır.

Komitə sədri vurğulayıb ki, Azərbaycanın dünyəvilik modelinə əsaslanan dövlət–din münasibətləri sistemi tolerantlıq, qarşılıqlı hörmət və hüquqi tənzimləmə prinsipləri üzərində qurulub. Bu model həm ölkə içində sabitliyin və dini harmoniyanın təmin olunmasına xidmət edir, həm də beynəlxalq miqyasda maraq doğuran örnək kimi dəyərləndirilir.

Görüş zamanı dövlət–din münasibətlərinin mövcud durumu, dini maarifləndirmə siyasətinin gücləndirilməsi, radikal və təhrif olunmuş dini təsirlərin qarşısının alınmasında maarifçilik amilinin rolu, ictimai şuraların fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də bu sahədə qanunvericilik təşəbbüsləri və tətbiq təcrübəsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Chosen
13
3
publika.az

2Sources