EN

Həddindən artıq duzun beyin üçün gizli təhlükəsi aşkarlandı

Uzun müddət yüksək duzlu qidalanma beyin funksiyalarını zəiflədərək yaddaş və öyrənmə qabiliyyətinə mənfi təsir göstərə, həmçinin narahatlıq tipli davranışların artmasına səbəb ola bilər.

Editor.az xəbər verir ki, bu nəticəyə Çinin Xi’an Jiaotong Universitetinin alimləri gəliblər. Tədqiqatın nəticələri European Journal of Pharmacology (EJP) elmi jurnalında dərc olunub.

Araşdırma çərçivəsində laboratoriya siçanları altı ay ərzində yüksək duzlu pəhrizlə qidalandırılıb. Aparılan davranış testləri idrak funksiyalarında zəifləmə, öyrənmə qabiliyyətinin azalması və narahatlıq səviyyəsinin artdığını ortaya qoyub. Alimlər eyni zamanda yaddaş və emosional proseslərdə mühüm rol oynayan beyin sahəsi – hipokamp bölgəsində neyron zədələnməsi və iltihab əlamətləri aşkar ediblər.

Analizlər göstərib ki, bu dəyişikliklərin əsas səbəbi bağırsaq–beyin oxunun pozulmasıdır. Yüksək duzlu qidalanma bağırsaq mikrobiotasının tərkibində dəyişikliklərə yol açıb ki, bu da beyində gen aktivliyinin dəyişməsinə, neyroiltihabın artmasına və sinir hüceyrələrinin məhvinə səbəb olub.

Tədqiqat zamanı iltihabi və neyrodegenerativ proseslərlə əlaqəli olan müəyyən bakteriya qrupları da müəyyən edilib. Xüsusilə bağırsaq mikrobiotasında Dubosiella və Anaeroplasma bakteriyalarının artması iltihabla bağlı bir sıra markerlərin (Btbd16, Il1b, Prlr, Cd24a və Ak) ifadə səviyyəsinin yüksəlməsi ilə əlaqələndirilib.

Araşdırmanın müəllifləri bildirirlər ki, əldə edilən nəticələr bağırsaq mikrobiotasının idrak pozuntularının formalaşmasındakı roluna dair elmi sübutları gücləndirir və xroniki şəkildə həddindən artıq duz qəbulunun potensial risklərini ön plana çıxarır. Bu tapıntılar qidalanma vərdişlərinin dəyişdirilməsi yolu ilə beyin sağlamlığının qorunmasına yönəlmiş profilaktik yanaşmalar üçün elmi əsas yarada bilər.

// Gülnarə Abasova, Editor.az

Chosen
39
editor.az

1Sources