“Hər bir hadisəyə normal yanaşıram”.

Offsideplus.az xəbər verir ki, bu sözləri mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Misli Premyer Liqasının 21-ci turunda baş tutacaq "Neftçi" ilə matç haqqında danışıb:

 “Kimin haqlı, kimin haqsız çıxarılacağı mövzu deyil. Biz oyunun təxirə salınması üçün PFL-ə müraciət etdik. "Nyukasl"la oyunların arasında başqa rəqib də ola bilərdi. Məni daha çox narahat edən bazar günü yox, şənbə günü oynamağımızdır. 6 gündə 3 oyun keçirəcəyik. Belə vacib matçdan öncə çempionat oyununun təxirə salınması böyük kömək ola bilərdi. Biz müraciət etdik, onlar da razılaşmadılar. Reqlamentdə var ki, pley-offda iştirak edən komandalara güzəşt oluna bilər. Olmadı. Burada ciddi bir problem görmürəm. “Neftçi”nin də öz proqramı var.Başa düşürəm. Amma bu vaxta kimi olub. "Neftçi"nin özü ilə oyunun ya yerini dəyişdirmişik yaxud da təxirə salmışıq. Kimdənsə küsmək, incimək fikrimiz yoxdur. Daha dərindən düşünərək oyunlara hazırlaşmalıyıq.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşı keçiriləcək səfər matçına yaxşı hazırlaşmaq üçün PFL-ə müraciət edib. Ağdam təmsilçisi İngiltərəyə yollanmamışdan öncə “Neftçi”yə qarşı keçiriləcək matçın təxirə salınmasını istəyib. “Köhlən atlar” bununla bağlı PFL-ə məktub göndərib. Çempionatın təşkilatçısı olan qurum da öz növbəsində razılıq üçün “Neftçi”yə müraciət edib. Lakin “Neftçi” “Qarabağ”ın bu istəyini geri çevirib.