EN

Mərkəzi Asiyanın yeni güc mərkəzi yaranır - TƏHLİL

İki qonşu dövlət arasında münasibətləri həqiqi dostluq, səmimi əməkdaşlıq üzərində qurmaq bəzi dövlətlərə nəsib olmur. Əksər hallarda qaşıdurmalar, bir-birinə düşmən münasibətlər bəslənir. Rusiyanın öz qonşularına qarşı tutduğu qərəzli mövqe buna misal ola bilər. Rusiyanın vassalı olmuş Ermənistanda 30 ilə qədər Azərbaycanın torpaqlarını işğalda saxladı. Nəhayət, 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi ilə Ermənistanı işğalı dayandırıb diz çökməyə məcbur etdi. Artıq Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Bunun fonunda Ermənistan Azərbaycanla düşmənçiliyin ona iqtisadi, siyasi, hərbi fəlakətlər yaradacağını anladığından sülhə doğru addım atmağa başlayıb. Eyni proseslərin dünyanın digər regional dövlətlərində, o cümlədən Pakistanla Əfqanıstan arasında da baş verə biləcəyinə ümid edilir. Təəssüf iki qonşu müsəlman dövlət bir-biri ilə uzun müddətdir ki, qarşıdurma vəziyyətindədir. Dəfələrlə iki qonşu dövlət arasında silahlı toqquşmalar baş verib. Nəticədə insanlar ölüb, yaşayış məskənləri dağıdılıb. 2025-ci ilin dekabrında yaşanan toqquşmalarda hər iki tərəfdən 50-yə yaxın əsgər və zabit həyatını itirmişdir. Məlumatlara görə, Əfqanıstan Pakistanın iki nəzarət məntəqəsini dağıdıb və iki məntəqəsini ələ keçirdiyi bildirilirdi.Tərəflər baş verən toqquşmalarda bir-birini günahlandırmışdılar. Əfqanıstanda hakimiyyət də iddia edir ki, Pakistan hərbçiləri Talibanın bazalarına zərbələr endirib və bu zaman 49 mülki insan həlak olub. Eyni iddia ilə Pakistan tərəfi çıxış etmişdir. Pakistan rəsmiləri rəsmi Kabili Pakistan ərazisində hücumlar həyata keçirən terrorçulara sığınacaq verməkdə ittiham edib. Taliban isə bu ittihamları rədd etmişdir. Nəhayət, ABŞ-ın, Türkiyənin və Çinin fəal müdaxiləsi və apardıqları danışıqlarla Pakistanla Əfqanıstan arasında atəşkəsə nail olmaq mümkün oldu. Lakin bu atəşkəsin kövrək olduğu iddia edilir. Yəni hər an tərəflər arasında toqquşmalar baş verə bilər.

Əfqanıstanda yaranan dini hakimiyyətin özəlliyi

Əfqanıstanda yaranan hakimiyyət dini hakimiyyətdir. Bu dövlətin idarəetməsi dini qaydalara əsaslanır. 2021-ci ildə Taliban Amerika qoşunlarına etdiyin intensiv təsir və təzyiqləri ilə yenidən uğur əldə etməyə nail oldu. Nəticədə Bayden hakimiyyəti ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına qərar verdi. Bundan sonra Əfqanıstanda hakimiyyətə yenidən Molla Heybətullah Axundzadə gəldi. O, "Ali Lider" və ənənəvi müsəlman titulları olan "əmir əl-möminin" (ərəb dilində möminlərin komandanı) titullarına sahib oldu.

Qeyd edək ki, Heybətullah Axundzadə 1990-cı illərdə ilk Taliban rejimi dövründə ali hakim vəzifəsində çalışmış və 2016-cı ildə, Amerikanın Əfqanıstanı işğalı zamanı, əvvəlki lider Molla Əxtar Mənsur ABŞ raket zərbəsi nəticəsində öldürüldükdən sonra hərəkatın lideri olmuşdur. 2017-ci ildə Axundzadənin oğlu intiharçı oldu: o, partlayıcı maddələrlə dolu ciplə Əfqanıstanın cənubundakı Helmand əyalətində ABŞ hökumətini dəstəkləyən nəzarət məntəqəsinə daxil olub. Axundzadə bundan xəbərdar olmaqla yanaşı, həm də oğluna əməliyyat üçün xeyir-dua verib. Hakimiyyəti ələ keçirdikdən sonra Axundzadə Əfqanıstanın paytaxtı Kabilə köçmədi, ölkənin cənub hissəsindəki Qəndəharda qaldı. Taliban bu şəhərdə formalaşdı və hərəkatın əsas mərkəzi və qalası olaraq qalır. Ali Lider olaraq Axundzadə rəsmi olaraq Allahdan başqa heç kimə hesabat vermir və onun əmrləri sorğu-sual mövzusu deyil. O, nadir hallarda ictimaiyyət qarşısında görünür. Onun yalnız iki fotoşəkli və çıxışlarının bir neçə audioyazısı - əsasən Qəndəhar məscidlərindəki moizələri - məlumdur.

Əfqanıstanın Baş nazir Həsən Axund Talibanın qurucularından biri, dövlətin gündəlik idarəçiliyinə cavabdehdir. O, Talibanın ilk hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışıb. 2021-ci ildən bəri hökumət və Taliban daxilində "Qəndəhari" və "Kabul" fraksiyaları kimi tanınan iki fraksiya yaranıb. Baş nazir Həsən Axund da daxil olmaqla "Qəndəhari" fraksiyaları Axundzadənin tabeliyindədirlər. Onlar əsasən ilahiyyatçılar, ixtisasca hüquqşünaslardır. Təəssüflər olsun ki, ölkənin şəriət qanunlarına əsasən idarə etmələri Əfqanıstanı dünya birliyindən kənarda qalmasına gətirib çıxarıb.

Ali Lider Heybətullah Axundzadə "mütləq hakimiyyətə" malikdir

Əfqanıstan hakimiyyətinin bir qolu olan "Kabuli" fraksiyaları əsasən 1980-ci illərdə Sovet qoşunlarına və 2000-ci və 2010-cu illərdə amerikalılara qarşı vuruşan keçmiş səhra komandirləridir. Bu fraksiyanın əsas fiqurları arasında Talibanın faktiki hərbi lideri olan Baş nazirin müavini Əbdülqəni Bəradar. Ali Lider Heybətullah Axundzadə "mütləq hakimiyyətə" malikdir, lakin Siracuddin Haqqani və Məhəmməd Yaqub da daxil olmaqla nazirlər onun qərarlarını şübhə altına alırlar. Bəzi hallarda sözügedən nazirlər Ali Liderin qərarlarını yerinə yetirməkdən imtina edirlər. Bu da hakimiyyət daxilində pərdəarxası qarşıdurmaların yaranmasına gətirib çıxarır.

Aparılan rəy sorğularına əsasən demək olar ki, "Kabuli" fraksiyası daha praqmatik hesab olunur və Əfqanıstanda Fars körfəzinin ərəb dövlətlərinə bənzər bir dövlət qurmağa çalışır. "Kəndəharilər" və "Kabulilər" qruplaşmaları arasında ziddiyyətlər 2021-ci ildən bəri yaranmaqdadır. Xüsusilə, "Kabulilər" hakimiyyəti ələ keçirdikdən sonra Talibanın ilk tədbirlərindən biri olan ibtidai məktəbdən kənarda qadınların təhsilinə qoyulan qadağaya qarşı çıxdılar. Lakin sonra "Kabulilər" "Kəndəharilər"ə tabe olmağı üstün tutdular.

İnternetə qoyulan qadağalar daxili çəkişmələri gücləndirdi. 2025-ci ilin sentyabrında Əfqanıstanın bəzi əyalətlərində internetin verilişi dayandırılmışdır. Baş nazirin müavini Baradar Qəndəhara gedərək Axundzadə ilə görüş təşkil etmişdir. Baş nazirin müavini internetin kəsilməsinin ölkənin xarici aləmlə əlaqələrinin kəsilməsi demək olduğunu bildirmiş, həm də qeyd etmişdir ki, internet olmadan bankçılıq və digər həyati əhəmiyyətli fəaliyyətlər praktik olaraq mümkün deyildi. Ali Lider Axundzadə bu arqumenti rədd etmişdir. Onun üçün internet "inamsızlıq yuvası" hesab olunurdu. Bundan sonra Axundzadə ölkənin Rabitə Nazirliyinə Əfqanıstan boyunca interneti bağlamağı əmr etdi. Əmr icra olundu. Lakin hakimiyyətin əsas gücləri buna etiraz etdilər Baş nazir Axundzadədən internetin bərpa olunmasını tələb etdilər. Bu, Ali Liderin əmrinin birbaşa və açıq şəkildə pozulması idi - Talibanda görünməmiş bir hal hesab olunurdu. "Kabul" fraksiyası baş nazirə Axundzadə üçün tam məsuliyyəti öz üzərlərinə götürəcəklərinə söz verdilər. Baş nazir razılaşdı.Məhz bundan sonra internetin bərpası təmin edildi. Diqqətçəkən məqam ondan ibarətdir ki, hakimiyyətin yuxarı eşalonu bu cür müstəqil mövqeyə qarşı çıxmadılar.

Hesab etmək olar ki, internetin kəsilməsinə görə ayağa qalxan hakimiyyətin aparıcı şəxsləri ölkənin müasir dövrünü tələblərinə uyğun qurulması istiqamətində də fəaliyyətlərini qura bilər. Bu hal baş versə, Əfqanıstan Mərkəzi Asiyanın aparıcı dövlətlərindən birinə çevrilər. Həm də dünyanın güc mərkəzlərindən biri olaraq tanınar. Sadəcə buna getmək və ortaya siyasi iradə qoymaq lazımdır.

İLHAM ƏLİYEV

Chosen
10
1
sia.az

2Sources