EN

Bakı üçün Yaxın Şərqdə yeni siyasi dayaqlar formalaşır ŞƏRH

ain.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Birləşmiş Ərəb Əmirlikləri təkcə regionda deyil, eyni zamanda qlobal miqyasda nüfuzlu dövlətlərdən biri hesab olunur. Son illər bir sıra mühüm beynəlxalq diplomatik danışıqların məhz bu ölkədə keçirilməsi də onun artan beynəlxalq çəkisinin göstəricisidir. Azərbaycanın xarici siyasət strategiyasında Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər bir neçə əsas müstəvidə strateji əhəmiyyət kəsb edir və bu, son illərdə daha da artıb”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov söyləyib. O bildirib ki, BƏƏ ilə xarici siyasət sahəsində qurulan münasibətlər bir neçə baxımdan mühüm əhəmiyyət daşıyır:

“Azərbaycan bir tərəfdən Qərb, Rusiya və İran arasında balanslı siyasət yürüdür, digər tərəfdən isə Körfəz ölkələri ilə əlaqələri dərinləşdirərək diplomatik manevr imkanlarını genişləndirir. Bu kontekstdə Birləşmiş Ərəb Əmirliklərinin regional və qlobal miqyasda artan nüfuzu Bakıya Yaxın Şərqdə əlavə siyasi dayaqlar qazandırır”.

A.Səmədov qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunması baxımından əsas tərəfdaşlardan biridir:

“Xüsusilə bərpa olunan enerji, logistika və liman infrastrukturu, turizm və daşınmaz əmlak sahələrində əməkdaşlıq diqqət çəkir və bu istiqamətdə əlaqələr davamlı şəkildə genişlənir. Enerji sahəsində də Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq son illər inkişaf mərhələsindədir. Azərbaycan neft və qaz ixrac edən ölkə olmasına baxmayaraq, yaşıl enerji sahəsində də mühüm uğurlar əldə edib. BƏƏ isə bu sahədə Yaxın Şərqin aparıcı dövlətlərindən biridir. Bu baxımdan, yaşıl enerji sahəsində əməkdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır və ölkə üçün yeni imkanlar yaradır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
1
metbuat.az

2Sources