EN

Oynaqlarda xırıltı nə zaman təhlükəlidir? - AÇIQLAMA

Dizlərdə, boyunda və ya barmaqlarda eşidilən xırıltı və şaqqıltılar bir çox insanı narahat edir və çox vaxt yaşlanma və ya artritlə əlaqələndirilir. Lakin mütəxəssislərin sözlərinə görə, əksər hallarda bu səslər oynaqların sağlamlığı üçün təhlükə yaratmır.

Redaktor.az xəbər verir ki, bu barədə "The Conversation" portalı məlumat yayıb.

Mütəxəssislər bildirirlər ki, barmaqların “xırıldaması” zamanı eşidilən səslər əsasən kavitasya prosesi ilə bağlıdır. Oynaqlar içərisində qazların həll olunduğu sinovial maye mövcuddur. Oynağın qəfil dartılması zamanı təzyiq azalır, qaz qabarcığı əmələ gəlir və bu qabarcıq partladıqda xarakterik səs yaranır. Məhz buna görə eyni oynağı ard-arda bir neçə dəfə “xırıldatmaq” mümkün olmur — qazın yenidən mayedə həll olması üçün zamana ehtiyac var.

Digər səslər isə fərqli mexanizmlərlə bağlı ola bilər. Məsələn, vətərlərin sümük çıxıntılarının üzərindən sürüşməsi zamanı şaqqıltılar yarana bilər. Dizlərdə eşidilən xırıltı və sürtünmə səsləri — tibbdə “krepitasiya” adlandırılan hal — oynaq səthlərinin və qığırdağın hərəkəti ilə əlaqədardır. Diz oynaqları xüsusilə diz qapağının mürəkkəb mexanikası və əzələ balansının təsiri səbəbindən bu cür səslərə daha çox məruz qalır.

Alimlər vurğulayırlar ki, təkcə səsin olması adətən klinik əhəmiyyət daşımır. Həkimləri daha çox narahat edən hallar ağrı, şişkinlik, oynağın “kilidlənməsi” və ya hərəkət qabiliyyətinin azalmasıdır.

Oynaqları tez-tez xırıldatmağın osteoartritə səbəb olması ilə bağlı geniş yayılmış fikir də elmi cəhətdən təsdiqlənməyib. Aparılan tədqiqatlar müntəzəm xırıltı ilə oynaq zədələnməsi arasında sabit əlaqə aşkar etməyib.

Bir çox insan şaqqıltıdan sonra qısa müddətli rahatlama hiss etdiyini bildirir. Bu, oynağın hərəkətliliyinin artması, əzələ gərginliyinin azalması və reflektor rahatlama ilə izah olunur. Lakin bu təsir müvəqqətidir və problemin köklü həllini təmin etmir.

Mütəxəssislər qeyd edirlər ki, əgər rahatlama yalnız daimi “xırıldatma” hesabına əldə olunursa, bu zaman problemi hərəkət və xüsusi məşqlərlə həll etmək daha məqsədəuyğundur.

Yaş artdıqca oynaqlarda səslərin yaranması daha tez-tez müşahidə oluna bilər, lakin bu, fiziki aktivlikdən imtina etmək üçün əsas deyil. Əksinə, hərəkət qığırdağın qidalanması və oynaqların sağlamlığının qorunması üçün vacibdir.

Ekspertlər vurğulayırlar ki, xırıltı ağrı və hərəkət məhdudiyyəti ilə müşayiət olunmursa, adətən təhlükəsiz sayılır. Əlavə əlamətlər ortaya çıxdıqda isə həkimə müraciət etmək tövsiyə olunur.

Nuriyyə NATİQQIZI

Chosen
23
1
redaktor.az

2Sources