EN

Siyasi şərhçi: “Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanı qlobal sülh platformasında daha güclü söz sahibinə çevirir

Bakı,5 fevral, AZƏRTAC

“Zayed İnsan Qardaşlığı Mükafatı” Prezident İlham Əliyevin simasında Azərbaycanın regional və qlobal səviyyədə sülh təşəbbüslərində fəal rolunu beynəlxalq ictimaiyyətə açıq şəkildə nümayiş etdirir. Bu mükafat, xüsusilə postmünaqişə dövründə Cənubi Qafqazda sabitliyin qorunması üçün göstərilən ardıcıl diplomatik səylərin, sülh danışıqlarının, humanitar əməkdaşlığın və regiondaxili iqtisadi inteqrasiya təşəbbüslərinin artıq beynəlxalq miqyasda tanındığını təsdiqləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Elnur Ənvəroğlu deyib.

O bildirib ki, mükafat Azərbaycanın sülh tərəfdaşı kimi nüfuzunu daha da artırır və beynəlxalq forumlarda mövqelərini etibarlı və təsirli edir: “Bu, Azərbaycanın yalnız regional deyil, həm də qlobal səviyyədə humanitar dəyərlərə sadiq olduğunu göstərən mühüm göstəricidir. Prezident İlham Əliyevə təqdim olunan bu mükafat ölkəmizə BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində bir sıra təşəbbüslərə öncülük etmək imkanı yaradır, eyni zamanda, qlobal dialoq və sülh platformalarında Bakının liderlik rolunu gücləndirir”.

Elnur Ənvəroğlu qeyd edib ki, indiyədək Cənubi Qafqazda sülh quruculuğunda ortaqlıq etməkdə maraqlı olan müxtəlif tərəflər mövcud olub: “Bundan sonra isə dövlətimizin başçısının belə bir nüfuzlu beynəlxalq mükafata layiq görülməsi Azərbaycanın münaqişələrin həllində mediator kimi rolunu və etimadını daha da artırır. Bu, ölkəmiz üçün yeni diplomatik imkanlar açır. “Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanın həm diplomatik, həm də strateji rolunu gücləndirən mühüm amildir. Azərbaycanın regionda və qlobal siyasətdə balanslı və prinsipial siyasət aparması onu təhlükəsizlik və enerji məsələlərində etibarlı tərəfdaş kimi ön plana çıxarır. Hesab edirəm ki, bundan sonra postmünaqişə bölgələrində sülhün qorunması və inkişafı sahəsində Azərbaycan modeli nümunə kimi göstərilə bilər”.

Siyasi şərhçinin sözlərinə görə, bu mükafat təkcə siyasi arenada deyil, eyni zamanda, iqtisadi sahədə də ölkəmizə mühüm dividendlər gətirir: “Belə bir beynəlxalq təltif Azərbaycanın yeni strateji əməkdaşlıqlara, o cümlədən regional təhlükəsizlik və enerji layihələrində liderlik imkanlarına çıxışını genişləndirir. Nəticə etibarilə, Azərbaycan qlobal sülh və təhlükəsizlik məsələlərində daha aktiv və təşəbbüskar rol oynamaq potensialına malik olduğunu bir daha nümayiş etdirir”.

Chosen
18
1
azertag.az

2Sources