EN

Müşfiq Cəfərov: “İran nüvə ehtiyatlarını ölkə xaricinə çıxarmaq niyyətində deyil”

“İran İslam Respublikası ABŞ tərəfdən “nüvə problemi” ilə bağlı danışıqlar təkliflərini almadığını bildirir. İran tərəfi “Al-Mayadeen” telekanalına müsahibəsində bildirib ki, Vaşinqton tərəfindən “təhdid və təkəbbür” olmayacağı, həmçinin Ağ Evin təkliflərinin “ağlabatan şərtləri” əhatə edəcəyi təqdirdə ABŞ ilə danışıqlar imkanı mövcuddur”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Onun sözlərinə görə, Tehran ABŞ tərəfindən güzəştlər olacağı halda uranın zənginləşdirilməsi səviyyəsini 60%-dən 20%-ə endirməyə hazırdır: “Bununla belə, İran bildirir ki, İran öz nüvə ehtiyatlarını ölkə xaricinə çıxarmaq niyyətində deyil. Danışıqlarda İran tərəfdən iki rəsmi şəxs iştirak edəcəyi bildirilsə də, danışıqların vaxtı və məkanı hələlik təyin olunmayıb. Əslində bu dialoq iki ölkə arasında uzun müddətdir davam edən gərgin əlaqələrdə əhəmiyyətli məqamdır. Bu görüş hər iki tərəfin artan ritorikası, diplomatik addımları və qarşılıqlı təhdidləri ilə müşayiət olunan uzun bir prosesin ardından baş tutacaq. Gözlənilən bu danışıqlar həm təcili, həm də həssas məqamları özündə birləşdirir. ABŞ ilə İran arasında uzun illərdir davam edən danışıqlar Donald Trampın nüvə danışıqlarından çıxması ilə daha da gərginləşib. Keçmişdə bu iki ölkələr arasında müəyyən razılaşmalar əldə olunsa da, sonradan bu razılaşmalar pozulub. Hazırkı vəziyyətin yaranmasının əsas səbəblərindən biri məhz Donald Trampın ABŞ-nin İranla imzaladığı nüvə sazişindən birtərəfli qaydada çıxması oldu. Bu addım regionda gərginliyin artmasına və vəziyyətin yeni istiqamətlərə yönəlməsinə səbəb oldu. Daha sonra ABŞ tərəfindən İrana qarşı yeni sanksiyalar tətbiq olundu. Hazırda nüvə problemi diplomatik yollarla tənzimlənə biləcək bir problemdir. Lakin sazişin pozulmasından sonra İran da öz növbəsində reaksiyalar verdi. Nəticədə ölkə uranın zənginləşdirilməsi üzrə işləri genişləndirdi, həm zənginləşdirmə faizi artırıldı, həm də ümumi miqdarı ciddi şəkildə artdı. Hazırda cənab Trampın yenidən prezident postuna qayıtmasıyla danışıqlar davam etdirmə cəhdi də başladı. Danışıqlarda şəffaflıq və qarşılıqlı anlayışın təmin olunması müsbət nəticələrə səbəb ola biləcəkdir. Hazırkı mərhələdə İran üçün beynəlxalq hüquqa və razılaşmalara uyğun şəkildə əməkdaşlıq etmək və nüvə proqramı ilə bağlı şəffaflığı artırmaq məqsədəuyğun olacaq amillərdir”.

 

Qeyd: ABŞ Prezidenti Donald Tramp Amerika dəniz qüvvələrinin “nəhəng bir armadası"nın İrana doğru irəlilədiyini açıqlayıb. O, Tehranın danışıqlar masasına oturub nüvə silahlarının tamamilə ləğvini nəzərdə tutan ədalətli bir razılaşmaya nail olacağına ümid etdiyini bildirib. Ağ Evin rəhbəri, həmçinin əlavə edib ki, İran nümayəndələri amerikalı həmkarları ilə “ciddi danışıqlar” aparırlar.

 

Şəhanə Quliyeva

Tarix: 5 Fevral 2026, 15:00   
Chosen
82
pravda.az

1Sources