EN

“Bu ssenari Türkiyəni yox, regionu hədəf alır”- AÇIQLAMA

Yaxın Şərqdə və ona bitişik bölgələrdə baş verən geosiyasi proseslər təkcə regional dövlətləri deyil, Cənubi Qafqazı da birbaşa təsirləndirir. Xüsusilə İran ətrafında formalaşan risklər, Türkiyənin təhlükəsizlik strategiyası və böyük güclərin maraqlarının toqquşması fonunda Ankara üzərindən irəli sürülən ssenarilər ciddi analiz tələb edir. Bu kontekstdə Türkiyənin mümkün hədəf olub-olmaması məsələsi emosional deyil, rasional yanaşma ilə qiymətləndirilməlidir.

Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, Yaxın Şərq uzun müddət – təxminən 400 il ərzində Osmanlı dövlətinin idarəçiliyi altında nisbi sabitlik və təhlükəsizlik şəraitində mövcud olub:

“Birinci Dünya Müharibəsinin nəticəsində Osmanlı dövlətinin süqutu regionda dərin geosiyasi boşluq yaratdı. Bu boşluq Qərb dövlətləri tərəfindən dolduruldu və imperiya ərazilərində xalqların iradəsinə deyil, xarici mərkəzlərin maraqlarına xidmət edən, sərhədləri süni şəkildə müəyyənləşdirilmiş mandat rejimləri formalaşdırıldı. Sonrakı dövrdə, xüsusilə İkinci Dünya Müharibəsindən sonra Yaxın Şərq üzərində rəqabət daha da kəskinləşdi və bu, davamlı münaqişələrə, humanitar fəlakətlərə və siyasi qeyri-sabitliyə səbəb oldu.

2010-cu ildən etibarən “Ərəb baharı” adı altında başlanan proseslər isə ümidlərdən daha çox xaos, dövlətlərin zəifləməsi və milyonlarla insanın faciəsi ilə nəticələndi. Bu hadisələr bir daha sübut etdi ki, regiona kənardan ixrac olunan siyasi modellər dayanıqlı olmur. Hələ 2000-ci illərin əvvəllərində Qərbin elmi-siyasi dairələri tərəfindən gündəmə gətirilən “Yeni Orta Şərq” layihəsi də məhz bu yanaşmanın məhsulu idi. ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Raysın da etiraf etdiyi kimi, bu layihə 22 dövlətin sərhədlərinin yenidən formalaşdırılmasını nəzərdə tuturdu.

Lakin mövcud reallıqlar göstərir ki, bu cür planların həyata keçirilməsi əvvəlki dövrlərlə müqayisədə xeyli çətindir. İlk növbədə, Qərb artıq vahid və monolit mövqedən çıxış etmir, daxili ziddiyyətlər və maraq toqquşmaları açıq şəkildə özünü göstərir. Digər tərəfdən, ABŞ hərbi və siyasi gücünü qorusa da, artıq istədiyi hər prosesi təkbaşına diktə edə bilən aktor deyil. Regionda Çinin artan iqtisadi və strateji maraqları, Rusiyanın təhlükəsizlik gündəliyi və regional güclərin mövqeyi bu balansı daha da mürəkkəbləşdirir.

Bu mənzərədə Türkiyə xüsusi yer tutur. Ankara regionun təhlükəsizliyinə birbaşa təsir edən əsas aktorlardan biridir və onun razılığı olmadan Yaxın Şərqdə fundamental geosiyasi dəyişikliklərin baş verməsi real görünmür. Türkiyə həm dövlətçilik ənənəsi, həm də hərbi-siyasi potensialı ilə proseslərin obyektinə deyil, subyektinə çevrilmək niyyətindədir. Əgər regionda sərhədlərin yenidən müzakirəsi gündəmə gələrsə, bu proses kənar mərkəzlərin diktəsi ilə deyil, region ölkələrinin, xüsusilə də Türkiyənin maraqları nəzərə alınmaqla baş verə bilər”.

//Gülnarə Abasova, Editor.az

Chosen
39
editor.az

1Sources