ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.
“Azərbaycan Prezidenti İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı” humanizm missiyası, sülh çarçısı olduğuna, sülh təşəbbüsləri ilə bağlı apardığı siyasətə görə təqdim edilib”.
Bu barədə 525.az-a Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
O bildirib ki, keçmiş münaqişənin digər tərəfinin Ermənistan olduğu üçün bu mükafat Azərbaycan və Ermənistan liderlərinə eyni vaxtda verildi.
“Nəticə etibarilə biz tarixdə ilk dəfə olaraq Azərbaycan və Ermənistan arasında münaqişənin geridə qaldığını görürük. Ermənistan hökuməti ölkəmizə qarşı heç bir ərazi iddiasının olmadığını, hər hansı mübahisəli məsələnin irəli sürülmədiyini bəyan edir. Biz bilirik ki, digər coğrafiyalarda olduğu kimi, bizim bölgədə də bəzi qüvvələr ziddiyyətlərdən istifadə edirlər. Ziddiyyətləri münaqişəyə, münaqişələri müharibəyə çevirirlər ki, xalqlar, dövlətlər bir-birinə yaxınlaşmasın. Bütün bunları çox yaxşı dərk edən Azərbaycan atdığı addımlarla Ermənistan tərəfinə göstərmiş oldu ki, rasional və praqmatik siyasət nədən ibarət ola bilər”, - politoloq deyib.
O əlavə edib ki, Nikol Paşinyan erməni xalqının tarixində yeni səhifə açmış oldu. Paşinyanın atdığı hazıkı addımlar ona gətirib çıxardı ki, o, bu il keçiriləcək seçkilərdə də qalib gələ biləcək. Bundan sonra bəzi həssas məsələləri referenduma çıxarıb, Cənubi Qafqazın gəlcəyi üçün erməni xalqının bu və ya digər şəkildə fikrini öyrənmiş olacaq.
“Nəticə etibarilə dünən də çıxışlar zamanı vurğulandığı kimi, cəmiyyətlərin sülhə hazırlanması vacibdir, artıq Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında görüşlərə başlanılıb, bundan sonra da görüşlərin ayrı-ayrı qruplar arasında davam edəcəyi gözlənilir, həmçinin ikitərəfli əməkdaşlığın artırılmasını da görmüş olacağıq. Hər bir halda bütün dünya son hadisələrlə bir daha şahid oldu ki, Azərbaycan tərəfi müharibə deyil, sülh istəyir. Azərbaycan siyasi, iqtisadi, hərbi cəhətdən güclü olmasına baxmayaraq, bölgədə yeni səhifənin açılmasının, sabitliyin tərəfdarıdır və hazırda biz bu proseslərin davam etdiyini görürük”, - Z.Məmmədov vurğulayıb.
Pərvanə Sultanova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.