Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, dövlət işçilərinin istehsalatda bədbəxt hadisələrdən sığortalanması ilə bağlı fəaliyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin funksiyalarına əlavə edilib və hazırda həmin sistemin qurulması ilə bağlı işlər həyata keçirilir:
"Martdan həmin sistem istifadəyə veriləcək və dövlət qurumlarında çalışan şəxslər sığorta məbləğləri ilə tanış ola biləcəklər. Eləcə də sığorta ödənişləri ilə bağlı məlumatlar və onların ödənişlərinin həyata keçirilməsi həmin sistem üzərindən həyata keçiriləcək. Nəzərdə tutulan məsələlərdən biri də əməyin mühafizəsi ilə bağlı bölmənin yaradılmasıdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq sistemdə funksionallıqlar yaradılacaq".
O əlavə edib ki, ezamiyyə vərəqlərinin elektronlaşdırılması ilə bağlı həm hüquqi bazanın təkmilləşdirilməsi, həm də funksionallığın yaradılması nəzərdə tutulub:
"Eləcə də kadr anketi və CV funksionallığının yaradılması planlaşdırılır. Burada vətəndaşlara bir neçə CV dizaynı təqdim edəcəyik. Həmin CV-ləri pdf formasında QR kod və barkodla istədikləri işəgötürənə təqdim edə bilərlər. Cari il ərzində Çağrı mərkəzi üzərindən süni intellekt əsaslı "Voicebot"un istifadəyə verilməsi nəzərdə tutulub. Hazırda bunun üzərində iş gedir”, - deyə mərkəzin direktoru vurğulayıb.
Kənan Əkpərov diqqətə çatdırıb ki, nazirliyə daxil olan vətəndaş müraciətlərinin cavablarının süni intellekt vasitəsilə hazırlanması əməkdaşlara daha sürətli cavab vermək imkanı verəcək.
AzVision.az