Bu hökm təkcə ayrı-ayrı şəxslərə verilmiş cəza deyil. Bu, cəzasızlıq anlayışına, işğala, zorakılıq və nifrət ideologiyasına qarşı hüquqi və mənəvi mövqenin ifadəsidir. Azərbaycan dövləti bir daha nümayiş etdirdi ki, müharibə və insanlıq əleyhinə cinayətlər nə unudulur, nə də zamana tabe olur - gec-tez hüquqi müstəvidə öz qiymətini alır.
Cəmiyyətin bu hökmü necə qətiyyət və ədalət hissi ilə qarşıladığı da təsadüfi deyil. Çünki bu qərar təkcə milli hüququn deyil, beynəlxalq hüququn da tələblərinə cavab verir.
Qurbanların haqqının tanınması, ədalətin bərpası və hüquqi məsuliyyətin təmin edilməsi davamlı sülhün əsas şərtidir.
Məhz bu məqamda fundamental bir həqiqət bütün aydınlığı ilə ortaya çıxır: ədalət olmadan sülh mümkün deyil. Qarabağda törədilmiş cinayətlərə hüquqi qiymət verilmədən, tarixi ədalət bərpa olunmadan bölgədə uzunmüddətli və etibarlı sülhdən danışmaq mümkün deyildi.
Bu baxımdan Bakıda elan olunan hökm region üçün yeni mərhələnin - hüquqa və ədalətə əsaslanan sülh mərhələsinin başlanğıcıdır.
Bu reallıq fonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin təşəbbüsü ilə təsis edilmiş nüfuzlu "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə təltif olunması tam məntiqi və ardıcıl görünür. Bu mükafat insan hüquqlarının müdafiəsi, mədəniyyətlərarası dialoqun təşviqi və qlobal həmrəyliyin möhkəmləndirilməsi sahəsində göstərilən xidmətlərə görə təqdim olunur və yalnız müharibəni dayandıranlara deyil, ədalətli sülhü təmin edən liderlərə verilir.
Prezident İlham Əliyev hərbi qələbəni hüquqi və siyasi məsuliyyətlə tamamlayaraq sülhü beynəlxalq hüquq normalarına əsaslanan legitim müstəvidə qurdu. Qarabağda törədilmiş ağır cinayətlərin məhkəmə yolu ilə araşdırılması və cəzalandırılması bu siyasi iradənin və insan mərkəzli yanaşmanın ayrılmaz tərkib hissəsidir.
Beləliklə, bu gün iki mühüm proses bir-birini tamamlayır:
- Qarabağda törədilmiş cinayətlərə görə verilən ədalətli və qəti hökm,
- və həmin ədaləti mümkün edən siyasi xəttə beynəlxalq etimadın ifadəsi olan sülh mükafatı.
Bu, tarix qarşısında Azərbaycanın haqqının tanınmasıdır.
Bu, Zəfərin hüquqi və mənəvi tamamlanmasıdır.
Və bu gün bir daha sübut olunur ki," Sülh güclü dövlətin, ədalət isə qalib xalqın haqqıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31