EN

"100 bal toplaya bilməyənlərin xaricə attestatla getməsinə icazə verilməsin" - YENİ TƏKLİF

"Qəbul imtahanlarında müvafiq bal toplayıb müsabiqə şərtlərini ödəyən gənclərimiz ali təhsil müəssisələrinə qəbul olurlar. Burada bir acı həqiqət var ki, müsabiqə şərtlərini ödəməyən, yəni qəbul imtahanlarında iştirak edib on bal, iyirmi bal, otuz bal toplayan gənclərin də attestatla imtahansız gedib xarici ali təhsil müəssisələrində oxuma imkanları var".

Bunu Redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev ali təhsil müəssisələrinə qəbul imtahanından 100 bal toplaya bilmədiyi üçün xarici ali təhsil müəssisələrinə üz tutan abituriyentlərdən danışarkən bildirdi.

Onun sözlərinə görə, bu gənclərin bir qismi diplom ala bilmir, bir qismi oxuya bilmir, bir qismi diplomu alıb gəlir və ölkəmizdə əmək bazarına qoşula bilmir:

"Çünki savadı yoxdur, oxuya bilməyib. Gənclərin bir qismi isə valideynini aldadır. Valideyn əziyyət çəkir, pul tökür, məsələn uşağı Türkiyəyə oxumağa yollayır, amma uşaq Türkiyədə oxuya bilmir. Əsas problemlərdən biri budur. Gənc var ki, altı ildir Türkiyədə oxuyur, valideyn orada nə etdiyini soruşanda deyir ki, magistratura oxuyuram, amma bakalavrın ikinci kursundadır, çünki oxuya bilmir. Bu gənclər əgər oxuya bilmirlərsə, diplom ala bilmirlərsə, bəziləri heç diploma marağı yoxdursa, bəziləri aldığı diplomla gəlib əmək bazarına qoşula bilmirsə, nəticədə savadsız bir kütlə formalaşır. Bunun qarşısını almaq lazımdır. Sovet cəmiyyətində dəyişiklik olandan sonra oxuyanların diplomları əllərində qalmışdı. Əlində diplom var, heç bir yerdə işləyə bilmirsən, dövr dəyişib, deyə sən müasir dövrün tələblərinə uyğun təhsil sistemini həyata keçirməmisən, oxumamısan, sənin oxuduğun sovet dövründə qaldı. Müasir təhsil sistemindən məlumatsız olduğuna görə sən iş tapa bilmirsən. Bu gün bəzilərinin də diplomları tanınmır".

Ramin Nurəliyev vurğuladı ki, Ukraynada təhsil alanların diplomları konkret olaraq tanınmır:

"Bunu valideyn də, abituriyent də bilir. Amma yenə də övladlarını oxumağa göndərirlər. Niyə? Hərbidən möhlət hüququ almaq üçün. Yəni hərbidən yayınmaq üçün bunu edirlər. Həm valideynləri, həm abituriyentləri düşünərək təklif edirəm ki, qəbul imtahanlarında 100 balı keçə bilməyən, yəni 700 balın 100 balını toplaya bilməyənlərin attestatla xarici ali təhsil müəssisələrinə getməsinə məhdudiyyət tətbiq olunsun. Həmin gənclər bizdə peşə təhsili oxusun. Gül kimi peşə təhsilimiz var, heç bir imtahan tələb olunmur, heç bir imtahan nəticəsinə diqqət yetirilmir. Ən azından bir peşə sahibi olsunlar: bənna, dülgər, usta olsunlar. Yüksək peşə təhsilində kompüter yönümlü sahələr var, onları oxusunlar. Hərbi xidmətə gedib gəlsinlər, təhsili bitirən kimi əmək fəaliyyətinə başlasınlar. Çox gözəl bir təşəbbüsdür. Düzdür, bəlkə də valideynlər üçün bir narahatverici məqam ola bilər. Amma valideyn əgər düzgün məntiqlə düşünərsə, bu təklif onların da faydasınadır".

Aytəkin TOFİQQIZI

Chosen
36
1
redaktor.az

2Sources