ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milyarder və xeyriyyəçi Melinda Frenç Qeyts müsahibəsində keçmiş həyat yoldaşı, amerikalı milyarder və "Microsoft"un keçmiş ən böyük səhmdarı Bill Qeytsin qalmaqallı maliyyəçi-pedofil Cefri Epşteynlə əlaqələri barədə danışıb.
Axşam.az xəbər verir ki, Melinda Bill Geytsin adının yenidən "Epşteyn sənədləri"ndə hallanmasından qısa müddət sonra NPR podkastında qonaq olub.
ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan sənədlərdə Epşteynin iddiaları yer alır. Həmin iddialara görə, Bill Geyts ondan evli qadınlarla görüşlər təşkil etməsini xahiş edib. Bundan əlavə, Epşteyn yazır ki, Qeyts rus qızları ilə cinsi əlaqə nəticəsində zöhrəvi xəstəliyə yoluxub və bu xəstəliyi həyat yoldaşına da yoluxdurub.
Müsahibə zamanı Melinda Qeytsin Epşteynlə əlaqəsinin onların boşanmasının səbəblərindən biri olduğunu etiraf edib:
"Bu cür detallar üzə çıxanda mənim üçün çox ağır olur. Çünki bu, məni evliliyimdə yaşadığım son dərəcə ağrılı xatirələrə qaytarır".
Melinda bildirib ki, Epşteynlə əlaqələr və yeni sənədlərdə yer alan məlumatlarla bağlı suallara özünün yox, orada adı çəkilən şəxslərin, o cümlədən keçmiş həyat yoldaşı cavab verməlidir:
"Bu suallara həmin insanlar cavab verməlidir, hətta mənim keçmiş ərim də, amma mən yox".
O, həmçinin zərərçəkmiş qızlarla bağlı vəziyyəti "ürəkparçalayan" adlandırıb və onlar üçün ədalətin təmin ediləcəyinə ümid bəslədiyini söyləyib.

Xatırladaq ki, Bill Qeytsin nümayəndələri ona qarşı irəli sürülən ittihamları "absurd və yalan" adlandıraraq, Epşteynin milyarderi şantaj etməyə çalışdığını bildiriblər. Qeyts isə Epşteynlə görüşlərinin yalnız xeyriyyəçilik xarakteri daşıdığını, qlobal səhiyyə üçün ianələrin müzakirə edildiyini və heç vaxt onun cinayət əməllərində iştirak etmədiyini vurğulayıb.
Müsahibələrinin birində Qeyts Epşteynlə ünsiyyətinin "böyük səhv" olduğunu və buna görə dərin peşmanlıq hissi keçirdiyini etiraf edib. O, bu əlaqələrin sözügedən cinayətlərə də şərik olduğu mənasını vermədiyini əlavə edib.
Qeyd edək ki, istintaqın fikrincə, dünya elitasının ən yüksək dairələrinə daxil olan Cefri Epşteyn onilliklər ərzində geniş miqyaslı insan alveri şəbəkəsi qurub. O, guya azyaşlı qızları fahişəliyə cəlb edib, onlara zorakılıq göstərib, nüfuzlu tanışlarına şantaj və ya əlaqələri möhkəmləndirmək məqsədilə təqdim edib.
2019-cu ildə milyarder məhkəməni gözləyərkən həbsxana kamerasında ölü tapılıb. Rəsmi məlumata görə, Epşteyn intihar edib. Lakin bir çoxları hesab edir ki, onu öldürüblər. Buna səbəb isə onun gizli adasında baş verənlər və onların detallarını açıqlamaması olub.
Onun uzun illər köməkçisi və keçmiş sevgilisi Qisleyn Maksuell isə cinayətlərdə iştirakda təqsirli bilinərək 2022-ci ildə 20 il həbs cəzası alıb.

Hazırda "Epşteyn siyahıları" kimi tanınan məhkəmə sənədlərinin məxfiliyi mərhələli şəkildə ləğv edilir. Bu sənədlərdə Epşteynin şəxsi adasını ziyarət etmiş nüfuzlu siyasətçilərin, biznesmenlərin və məşhurların adları yer alır. Onların arasında ABŞ prezidenti Donald Tramp, Böyük Britaniya kraliçasının oğlu Şahzadə Endryu, dünyanın ən varlı adamı İlon Mask, mərhum müğənni Maykl Cekson da var.
Onu da qeyd edək ki, Bill və Melinda Qeyts 2021-ci ildə 27 illik evlilikdən sonra boşanıb. Bu, ən bahalı boşanma hesab olunub. Jurnalistlər müəyyən ediblər ki, Melinda boşanma üzrə vəkillərlə hələ 2019-cu ilin oktyabrında, yəni mətbuatda Qeytsin Epşteynlə çoxsaylı görüşləri barədə araşdırmalar yayımlanan vaxt görüşməyə başlayıb. Boşanmadan sonra verdiyi ilk böyük müsahibədə Melinda açıq şəkildə bildirib ki, Bil Qeytsin Epşteynlə əlaqəsi ona xoş gəlmirdi.
Ayrılıq zamanı cütlüyün ümumi sərvəti 130-145 milyard dollar civarında qiymətləndirilirdi. Nikah müqaviləsi olmadığı üçün əmlak bölgüsü xüsusi razılaşma əsasında aparılıb. Müxtəlif mənbələrə görə, Melindanın şəxsi sərvəti nəticədə 11-13 milyard dollar təşkil edib və bu da onu dünyanın ən varlı və nüfuzlu qadınlarından birinə çevirib. Cütlüyün 3 övladı var.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.