EN

Nüvə sazişinin müddəti bitdi: Rusiya üçün yeni şantaj imkanları açılır

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ və Rusiya arasında nüvə silahlarının sayı və paylanmasını məhdudlaşdıran New START müqaviləsinin 5 fevral 2026-cı il tarixində müddətinin başa çatması qlobal təhlükəsizlik üçün ciddi narahatlıqlar yaradıb.

BMT baş katibi bu vəziyyəti “ciddi an” kimi qiymətləndirərək tərəfləri danışıqlara çağırıb. Müqavilənin bitməsi nüvə silahlanması sahəsində şəffaflığı azaldır və yeni silahlanma yarışına yol aça bilər.

Bu vəziyyət beynəlxalq münasibətlərdə gərginliyi artıraraq yeni silahlanma yarışına səbəb ola bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli deyib ki, nüvə silahlarının məhdudlaşdırılmasına dair beynəlxalq sənədin, daha doğrusu, Rusiya və Amerika Birləşmiş Ştatları arasındakı müqavilənin müddətinin başa çatması olduqca ciddi hadisədir:

"Bu, ilk növbədə bütün dünya üçün real təhlükə mənbəyinə çevrilə bilər. Çünki Rusiya üçün nüvə faktoru artıq özünü qoruma mexanizminə çevrilib və Kreml bütün dünyanı məhz bu amil vasitəsilə şantaj etməyə, təzyiq göstərməyə çalışır".

Onun sözlərinə görə, hər dəfə Rusiya çətin vəziyyətə düşdükdə Kreml tərəfindən nüvə savaşı ehtimalına dair mesajlar verilir:

"Bu isə onu göstərir ki, Moskva hazırda əsasən nüvə şantajına arxalanır. Məhz bu baxımdan müvafiq sənədin müddətinin bitməsi Rusiyaya əlavə şantaj imkanları açır".

Elçin Xalidbəyli: Hər iki tərəfin arsenalında minlərlə nüvə başlığı mövcuddur və bu, bir neçə nüvə savaşına kifayət edəcək gücdədir

Politoloq qeyd edib ki, böyük ehtimalla Kreml bu müqavilənin müddətinin uzadılmasına razılıq verməyəcək: 

"Əksinə, əgər danışıqlar başlasa belə, Rusiya əlavə zaman qazanmağa və nüvə faktoru ilə həm dünyanı, həm də kollektiv Qərbi daha sərbəst şəkildə qorxutmaq, təzyiq altında saxlamaq üçün bu vəziyyətdən istifadə etməyə cəhd göstərəcək".

Elçin Xalidbəylinin dediyinə görə, bu proses ABŞ və Rusiya arasında yeni silahlanma yarışının yaranmasına da səbəb ola bilər:

"Hər iki tərəfin arsenalında minlərlə nüvə başlığı mövcuddur və bu, bir neçə nüvə savaşına belə kifayət edəcək gücdədir. Lakin həm Rusiya, həm də ABŞ bir-birinə güc nümayiş etdirərkən yeni silahların hazırlanmasına və nümayişinə daha çox önəm verirlər. Bu baxımdan müqavilənin müddətinin bitməsi əlavə nüvə silahlarının istehsalına yol aça bilər".

Müsahibimizə görə, bununla belə, əsas təhlükə ondadır ki, Rusiya müqavilənin uzadılmasına razılıq verməməklə həm kollektiv Qərbi, həm də bütün dünyanı nüvə silahı və nüvə savaşı ilə şantaj etməyə cəhd göstərə bilər.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
bakivaxti.az

1Sources