EN

Müharibə ehtimalı artır - Elxan Şahinoğlu

Yazını böyüt
Yazını kiçilt

İranda baş verən hadisələr və mövcud vəziyyət bu qonşu dövlətlə dərin tarixi keçmişi olan xalq, millət olaraq bizi də narahat edir. Müşahidələrə görə, İranda etiraz aksiyaları sakitləşsə də iqtisadi narazılıq davam edir. Baş verən etirazların səbəb və günahkarları qınansa da, vəziyyət dəyişməyib. Nəticədə, ABŞ müharibə təhdidlərini dayandırmır. Mövcud vəziyyət İran, eləcə də bölgə üçün təhlükə saçır.

Bu istiqamətdə Hafta.az-ın suallarını politoloq Elxan Şahinoğlu cavablandırıb.

– Etiraz dalğasından sonra İranın daxilindəki mövcud durum necə təhlil olunur, rejimin axsayan tərəfləri nədir?

– Hazırda İran iqtisadiyyatı dərin böhran içindədir. Yüksək inflyasiya səbəbindən sahibkarlar və dükan sahibləri etiraz aksiyalarına çıxıb, qiymət artımları ticarəti iflic vəziyyətinə salıb. İranda baş verənlər müxtəlif cür təhlil olunur. İranın ali dini lideri və Prezidenti başda olmaqla qonşu ölkənin mollaları və siyasiləri ABŞ Prezidenti Donald Trampın adını çəkərək, günahı Ağ ev sahibinin üzərinə atır, son qırğınların arxasında onun olduğunu bildirirlər. Halbuki Trampa qədər İranın keçmiş şahının oğlu Rza Pəhləvi də etiraza dəstək verən açıqlamalar verir, etirazçıları hakimiyyətə qarşı daha sərt addımlara səsləyirdi. Buna baxmayaraq, İranı idarə edənlər Pəhləvinin adını çəkmirlər. Əslində, deməyə çox söz var, keçmiş şahın vəhşiliklərini xatırlamaq olardı. Yəqin bu onunla əlaqədardır ki, İrandakı rejim son qətliamın Pəhləvi dövrünün qətliamlarından heç nə ilə fərqlənmədiyini yaxşı anlayır. Pəhləvi rejimini necə tənqid edəsən ki, özün minlərlə insanın qətliniə əmr vermisən. Etiraz indiki mərhələdə ona görə uğur qazanmadı ki, insanlar molla rejimi ilə Pəhləvi arasında fərq görmədi. İranda bu ikisinə alternativ qüvvə isə hələ meydanda yoxdur. Xalqın seçdiyi Prezident Məsud Pezeşkian son açıqlamasında, az qala, özündən aşağı mərtəbədiklərə yalvarır ki, “Bəlkə interneti açasınız”. Ölkəsində internetin açılmasını təmin edə bilməyən dövlət başçısı hər zaman ali dini liderin kölgəsində qalacaq.

– ABŞ-nin İrana qarşı sanksiyaları, hibrid müharibəsi, hərbi təhdidləri bu gün də davam edir. ABŞ İrandan nə istəyir?

– Bunun əsas səbəbi İranın ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü şərtləri qəbul etməməsidir. Trampın İran qarşısında qoyduğu tələblər olduqca sərt və prinsipial xarakter daşıyır.

Birinci əsas tələb ondan ibarətdir ki, İran uranın zənginləşdirilməsindən tamamilə imtina etməli və artıq zənginləşdirdiyi uranı üçüncü ölkələrdən birinə təhvil verməlidir. İkinci tələb İranın ballistik raket proqramı ilə bağlıdır. Belə ki, İran uzaqmənzilli ballistik raketlərin istehsalını dayandırmalı, mövcud raket arsenalını isə sıradan çıxarmalıdır. Üçüncü tələb isə İranın regionda fəaliyyət göstərən silahlı və terrorçu qruplaşmalara maliyyə və hərbi dəstəyini tamamilə dayandırması ilə bağlıdır. Bu şərtlər İran üçün son dərəcə ağırdır. 1979-cu il İslam İnqilabından bu yana İranın mühafizəkar siyasi xətti məhz bu üç əsas istiqamət üzərində qurulub. Üstəlik, “Amerikaya ölüm” kimi şüarlar bu gün də rəsmi mitinqlərdə səsləndirilir. Bu baxımdan, İran mühafizəkarlarının Trampın tələblərini qəbul etməsi olduqca çətin görünür. Əgər İran bu şərtləri yerinə yetirməsə, hərbi zərbə endirilməsə belə, ölkənin iqtisadi vəziyyəti daha da ağırlaşacaq. Əgər İran Hörmüz boğazını bağlasa, özü də neft ixracından məhrum olacaq. Hazırda İran nefti, əsasən, Çinə ucuz qiymətə satır. Boğaz bağlanarsa, tankerlərin hərəkəti dayanacaq və ABŞ hərbi donanması buna imkan verməyəcək. Digər tərəfdən, ərəb ölkələrindəki ABŞ bazalarına zərbələr endirilməsi münaqişəni genişləndirəcək və İranın region ölkələri ilə münasibətlərini daha da gərginləşdirəcək.

– Hərbi hücum baş verərsə, bu region üçün hansı təhlükəni yarada bilər?

– Amerika Birləşmiş Ştatları ilə İran arasında hərbi qarşıdurma ehtimalı getdikcə artır. İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla müzakirələr apardıqdan sonra jurnalistlərin suallarına cavab verib. İranlı nazir jurnalistlər vasitəsilə Tehranın mesajlarını çatdırmaq istəyib. “İrana hücum olarsa, müharibə sərhədləri aşacaq” – bu, iranlı diplomatın səsləndirdiyi əsas mesaj olub. İran rəsmiləri hər zaman deyirlər ki, ABŞ İrana zərbə vurarsa, İran da Amerikanın bölgədəki hərbi bazalarına zərbələr endirəcək. ABŞ-nin Azərbaycanda hərbi bazası yoxdur, ancaq iki ölkə arasında tərəfdaşlıq münasibətləri formalaşıb. Azərbaycan qonşu ölkədə sabitlikdə maraqlıdır. İranlı diplomatın sözlərindən belə çıxır ki, İranda müharibə nəticəsində sabitlik pozularsa, Tehran qonşu ölkələrə problem yaradacaq. Bu, açıq-aşkar təhdiddir.

İranlı diplomat bunun ardınca “Bəzi region ölkələrinin bunu başa düşdüyünü və bu təhlükə barədə ABŞ rəhbərliyini xəbərdar etdiyini bildirib”, – ifadəsini işlədib. ABŞ Prezidenti Donald Trampı İrana zərbə vurmaqdan çəkindirməyə çalışan 4 dövlət – Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və Oman olub. ABŞ Prezidenti Donald Tramp bu haqda suala cavab verərkən, İrana zərbə endirməmək qərarını öz mülahizələrinə görə ertələdiyini deyib. İranlı diplomat bölgə ölkələrinin ABŞ Prezidentinin qərarına təsir etdiyini və bu amilin müharibə təhlükəsini sovuşdurduğunu vurğulasa da, Ağ ev sahibinin təlimatı ilə Amerikanın bir neçə hərbi gəmisi İran sahillərinə yaxınlaşıb. Yəni İranla bağlı təhlükə hələ sovuşmayıb.

– Sizcə, Tramp İrana hücum edəcəkmi?

– ABŞ Prezidenti açıq şəkildə xəbərdarlıq etdi ki, əgər etirazların qanla yatırılması davam edərsə, Amerika müdaxilə edə bilər. Bundan əlavə, Tramp administrasiyası İranda edamların dayandırılmasını da tələb edib. Bu sahədə də İran tərəfindən müsbət siqnallar verilmir. Bu gərgin fonda ABŞ hərbi gəmilərini İran sahillərinə yaxınlaşdırıb. İran tərəfi isə cavab olaraq, Hörmüz boğazını bağlaya biləcəyini və ABŞ-ın Körfəz bölgəsində yerləşən ərəb ölkələrindəki hərbi bazalarına zərbə endirə biləcəyini bəyan edir. Bu addımlar İran üçün çox baha başa gələ bilər.

Maraqlıdır ki, ərəb ölkələrinin əksəriyyəti müharibənin əleyhinədir və Tramp administrasiyasını İranla hərbi qarşıdurmadan çəkindirməyə çalışırlar. Əgər İran ABŞ-nin mümkün zərbələrinə cavab olaraq israrlı hərbi addımlar atarsa, bu, vəziyyəti daha da ağırlaşdıracaq və genişmiqyaslı qarşıdurmaya yol aça bilər. Bu nöqtədə əsas sual ortaya çıxır: ABŞ-nin real məqsədi nədir? Bu məsələdə bir neçə ssenari mövcuddur. Birinci ssenari – ABŞ-nin İranda rejim dəyişikliyi istəyidir. Hərbi zərbələrdən sonra ölkə daxilində etirazların güclənəcəyi və rejimin zəifləyəcəyi hesablanır. İkinci ssenari – rejimi dəyişməyin çətin olduğunu anlayaraq, onun davranış modelinin dəyişdirilməsi və ABŞ tələblərini qəbul etməyə məcbur edilməsi. Üçüncü ən radikal ssenari isə İranın parçalanması ehtimalıdır.

Bütün bunlara baxmayaraq, müharibə ehtimalı azalmaq əvəzinə artmaqdadır. Danışıqlar üçün müəyyən təşəbbüslər olsa da, əgər İran Trampın ağır şərtlərini qəbul etməzsə, ABŞ-nin hərbi zərbə qərarı verməsi mümkündür. Burada əsas sual yenə də açıq qalır: “Bəs bu qədər hərbi gəmilər İran sahillərinə niyə göndərilmişdi?”.

– Prezident İlham Əliyevin və xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarları ilə danışıqları olub. Bu danışıqlar nəyə hesablanır?

– İranla bağlı Azərbaycanın mövqeyi aydındır: Azərbaycan İrana qarşı müharibənin və hərbi müdaxilənin qəti əleyhinədir. Eyni zamanda, ölkəmiz öz milli maraqlarını da diqqətdə saxlayır. Əgər İranda qarşıdurma dərinləşərsə və orada yaşayan azərbaycanlılara qarşı zorakılıq və təzyiq baş verərsə, Azərbaycan buna biganə qala bilməz və humanitar dəstək göstərmək məcburiyyətində qalacaq.

Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov İran tərəfi ilə telefon danışıqları apararaq Azərbaycanın mövqeyini bir daha çatdırıblar. Bildirilib ki, Azərbaycan İrana qarşı hərbi əməliyyatların əleyhinədir və heç vaxt öz ərazisinin üçüncü ölkələr tərəfindən İrana qarşı istifadə edilməsinə icazə verməyəcək. Bununla yanaşı, İranın bəzi mühafizəkar dairələrinin yaydığı “İsrail dronlarının Azərbaycandan qalxması” kimi iddiaların tamamilə dezinformasiya və təxribat xarakterli olduğu vurğulanıb.

– Zəngəzur Dəhlizi – “Tramp yolu” ilə bağlı İran–Ermənistan münasibətləri harda kəsişir?

– İran mühafizəkarları baş nazir Nikol Paşinyanın ABŞ ilə yaxınlaşması, o cümlədən “Tramp yolu” layihəsinə razılaşması siyasətindən narazılıqlarını açıq ifadə etməyə başlayıblar. Bundan başqa, mühafizəkarların saytlarında Paşinyanın İranın İrəvan səfirliyi qarşısında etiraza şərait yaratması tənqid olunur. Mövcud durumdan faydalanmaq istəyən Köçəryan isə tələsik mətbuat konfransı keçirərək “Tramp yolu” İrana qarşıdır, ABŞ Ermənistan-İran sərhədini nəzarətə götürmək istəyir” fikrini səsləndirib. Bununla Köçəryan futbol termini ilə desək Tehrana pas atıb. Köçəryan Kremlə bağlı olsa da, açıqlamalarında son zamanlara qədər ABŞ əleyhinə birbaşa açıqlama verməməyə çalışırdı. Görünür, eks-prezident Kremldən aldığı yeni təlimat əsasında anti-Amerika mövqeyini tam ortaya qoymağa qərar verib. Köçəryan “Tramp yolu”nun Ermənistan üçün iqtisadi səmərəsinin olmadığını, ABŞ-ın bu layihə vasitəsilə Cənubi Qafqazda hərbi növqeyi-nəzərdən möhkəmlənəcəyini söyləyib.

Robert Köçəryan son açıqlamaları ilə Paşinyanla yanaşı Tramp administrasiyasını da hədəf seçib. Fikrimcə, ABŞ-nin İrəvandakı səfirliyi Köçəryanın açıqlamalarına cavab vermək məcburiyyətindədir. Köçəryan “Tramp yolu”nu bölgədə qarşıdurmaya rəvac verəcək layihə kimi təqdim edib. Halbuki layihə bölgə ölkələri arasında sabitliyə və əməkdaşlığa imkan verəcək. Bəli, sirr deyil ki, Vaşinqton “Tramp yolu” xətti ilə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin zənginliklərinin Qərb bazarlarına daşınmasında maraqlıdır. Buna baxmayaraq, nəqliyyat yolu vasitəsilə Ermənistan–İran sərhədinin nəzarət götürülməsi fikrinin absurd olduğu dəfələrlə sübut olunub. Azərbaycan İran ərazisindən keçəcək “Araz dəhlizi” nəqliyyat xəttindən də istifadə edəcək. Köçəryanın məntiqinə görə, onda Azərbaycan da “Araz dəhlizi” vasitəsilə Ermənistan–İran sərhədini nəzarətə götürəcək. Halbuki, bu da sırf iqtisadi layihədir. Hər halda, Köçəryan İrandakı mühafizəkarlara belə bir mesaj göndərib: “Nikol Paşinyan ABŞ-nin Ermənistanda yerləşməsinə şərait yaradıb və bu İrana qarşıdır, buna görə də baş naziri devirmək lazımdır”. Yəni Köçəryan İranın Ermənistanın daxili işlərinə qarışmasını – ölkəsinə müdaxiləsini istəyib. Buna görə Köçəryanı cinayət məsuliyyətinə cəlb etmək lazımdır.

Tahirə Qafarlı

Chosen
27
hafta.az

1Sources