EN

SİYASİ PARTİYALARIN 2026 cı İL ÜÇÜN PLANLARI NƏDİR? Sədrləri AÇIQLADI

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda hazırda dövlət qeydiyyatına alınmış 26 siyasi partiya fəaliyyət göstərir. Lakin onların əksəriyyəti ictimaiyyətdə görünmür və gündəlik siyasətdə aktiv rol oynamır. Maraqlıdır, partiyaların 2026-cı il üçün planları və hədəfləri nədir?

“AzPolitika” bu barədə bəzi siyasi partiya sədrləri ilə danışıb. Cavabları təqdim edirik:

Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev: “Bu il seçkilərin keçirilməsi gözlənilmir. Ümumilikdə, siyasi partiyaların fəaliyyəti əsasən seçkilər dövründə daha fəal və əhəmiyyətli olur. Fəaliyyətimizin mühüm hissəsi partiyanın təşkilati məsələlərinin qaydaya salınmasıdır. Rayonlara səfərlər planlaşdırılır. Hansı rayon təşkilatlarında zəifliklər mövcuddursa, həmin təşkilatların fəaliyyətinin gücləndirilməsi nəzərdə tutulur. Məqsədimiz respublikanın əksər rayonlarında təmsil olunmaqdır. Rayonların bəzilərində təşkilatlanmamız ya yoxdur, ya da zəifdir və bu istiqamətdə zəruri təşkilati işlər həyata keçiriləcək.

Biz parlament partiyasıyıq. Parlament partiyası olduğumuza görə, təmsil olunduğumuz 10 saylı Binəqədi üçüncü seçki dairəsi mövcuddur. Fəaliyyətimizin bir hissəsi məhz bu dairəyə yönəlib. Həmin ərazidə təşkilati strukturumuz kifayət qədər güclüdür və ayda iki dəfə rəsmi qəbul keçirilir. Eyni zamanda partiyamızın ofisinə istənilən vaxt seçicilər müraciət edə bilirlər və onların problemləri ilə məşğul olunur.

Bununla yanaşı, ideoloji işlər də planlaşdırılır, mütəmadi olaraq toplantılar keçirilir və müxtəlif mövzularda müzakirələr aparılır”.

AĞ Partiya sədri Tural Abbaslı: “Partiyalar adətən ilin əvvəlində iki istiqamətdə fəaliyyətə hazırlaşırlar. Əgər seçki ili nəzərdə tutulubsa, əsas fəaliyyət seçkiyə hazırlıq üzərində qurulur: namizədlərin müəyyən edilməsi, onların imzalarının toplanması üçün siyahıların hazırlanması, müşahidəçilərin təmin olunması, təbliğat və təşviqat işlərinin təşkili, maliyyənin idarə olunması və digər əlaqəli işlər ilin əvvəlindən həyata keçirilir ki, seçkiyə tam hazırlıq görülə bilinsin.

Əgər ilin planlaşdırılmış seçkisi yoxdursa, partiyalar rutin planlar üzrə fəaliyyət göstərirlər. Bu rutin planlar əsasən üzvlərin sayının artırılması, ideoloji baxışların yayılması, cəmiyyətdə partiyanın və rəhbər şəxslərinin tanıdılması və nüfuzunun artırılması, regionlardakı təşkilatların formalaşdırılması və gücləndirilməsi kimi işləri əhatə edir.

Xüsusi diqqət Bakı şəhərindəki təşkilatlara verilir. Çünki Bakı əsas siyasi mərkəzdir və bütün proseslər burada gedir. Hər bir təşkilat çalışır ki, paytaxtdakı fəaliyyət güclənsin, aktivlik artsın və mərkəzi strukturlar – mərkəzi aparat və ya məşvərət məclisi müavinlikləri normal işləsin. Ümumilikdə partiyanın tanınması, gücünün artırılması, üzvlərin sayının çoxaldılması və media ilə iş bu standart rutin fəaliyyətlərin əsasını təşkil edir.

Nəzərə alsaq ki, 2026-cı ildə hələlik planlaşdırılmış seçki gözlənilmir, qeyri-adi planlarımız yoxdur”.

Azad Vətən Partiyasının sədri Akif Nağı: “Hər bir partiyanın təşkilatlanması, əsas vəzifəsi təbliğat işinin aparılması, öz mövqeyini və sıralarını möhkəmləndirməkdir. 2026-cı ildə də fəaliyyətimizi davam etdirəcəyik. Müəyyən tədbirlərin həyata keçirilməsini nəzərdə tuturuq. Hazırda seçki sistemi və parlamentin say tərkibinin dəyişdirilməsi ilə bağlı müəyyən müzakirələr aparılır. Əgər belə bir proses baş verərsə, biz də həmin prosesdə iştirak edəcəyik. Yəqin ki, bu məsələ müzakirəyə çıxarılacaq və referendum keçiriləcək. Referendum prosesində də iştirakımız olacaq. Eyni zamanda, dəyişikliklər baş verərsə, böyük ehtimalla yenidən parlament seçkiləri keçiriləcək. Partiyanın əsas fəaliyyət istiqamətlərindən biri də seçkilərdə iştirakdır. Bu baxımdan işlərimizi nizama salır, hədəflərimizi müəyyənləşdiririk. Bundan başqa, həm Bakıda, həm də rayonlarda görüşlərin keçirilməsi istiqamətində fəaliyyətimizi nəzarətdə saxlayırıq”.

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev: “Partiyanın bu il üçün iş planı artıq təsdiqlənib. Yanvar ayında keçirilən Siyasi Şuranın ilk iclasında bu məsələ geniş şəkildə müzakirə olunub. Əsas diqqəti partiyanın təşkilatlanmasına yönəltmişik. Xüsusilə gənclər təşkilatının, eləcə də hələ formalaşmadığı rayonlarda, universitetlərdə və müəssisələrdə partiya strukturlarının yaradılması prioritet məsələdir. Harada zəiflik varsa, onu gücləndirməyi qarşıya məqsəd qoymuşuq. Böyük şəhər təşkilatlarında partiya sədrinin müavinlərindən bəzilərinin həmin şəhərlərə təhkim olunması nəzərdə tutulur ki, onlar həm müavin funksiyasını yerinə yetirsinlər, həm də yerli təşkilatların idarə olunmasına və fəaliyyətinin gücləndirilməsinə yerindəcə kömək göstərsinlər.

Ümumilikdə, bütün gücümüzü partiyanın təşkilatlanmasına və ideoloji baxımdan genişlənməsinə yönəltmişik. Ölkədə mövcud vəziyyət getdikcə kəskinləşir, şər, böhtan halları artmaqdadır. Bu günkü məmur təbəqəsi Azərbaycan dövlətinə və dövlət başçısına xəyanət edir.

İdeoloji işi elə qurmaq istəyirik ki, məsələn, 10-20 nəfərlik fəal qrup müxtəlif müəssisələrdə, idarələrdə və digər sahələrdə təbliğat aparsın, xalq arasında geniş şəkildə fəaliyyət göstərsin. Bu, bizim əsas hədəflərimizdən biridir. Xalqı maarifləndirmək istəyirik. Çünki xalq öz hüquqlarını bilməlidir.

Ölkədə demokratiyanın inkişafı istiqamətində əsl demokratik qüvvələrlə birgə əməkdaşlıq planlarımız da var və bu məsələlər daim gündəmimizdədir. Planlarımız kifayət qədər genişdir. Mitinqlərə qadağa qoyulmasına və konstitusion hüquqlarımızın pozulmasına baxmayaraq, əgər icazə verilərsə, mitinqlərin keçirilməsi də iş planımızda nəzərdə tutulur”.

Oğuz Ayvaz 

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

1Sources