EN

Zabit şərəfinin ucalığı

Əfşan Hüseynov 1996-cı il martın 16-da Tovuz rayonunun axar-baxarlı, meşələr qoynunda yerləşən, hər ağacının altında bir bulaq qaynayan Əsrik Cırdaxan kəndində dünyaya göz açıb. 2002–2013-cü illərdə Əsrik Cırdaxan kənd tam orta məktəbində təhsil alıb. Yuxarı sinifdə oxuyanda “mülki müdafiə və hərbi hazırlıq” dərsində müəllimin öyrətdiklərini və silahla davranma qaydalarını dərindən mənimsəyən Əfşanda hərb sənətinə ciddi maraq oyanıb.

Əfşan ailədə, qohum-qonşu arasında da daim Ermənistanın işğalı altında olan torpaqlarımızın azad ediləcəyi günə az qaldığı barədə eşitdiyi söhbətləri diqqətlə dinləyərdi. Kəndin Birinci Qarabağ savaşında şəhid olan igidlərini sinif yoldaşları ilə ziyarət edəndə onların məzarı başında özünə Qarabağın işğaldan azad edilməsi uğrunda gec-tez başlanacaq savaşa  qoşulacağına və bu döyüşlərdə sonadək iştirak edəcəyinə söz vermişdi.

Orta məktəbi bitirdikdən sonra başqa peşə barəsində heç düşünmədən valideynlərinin razılığını və xeyir-duasını alıb sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verdi. Məktəbdə təhsil aldığı 2013–2017-ci illərdə müxtəlif tapşırıqlar və təlimlərdə iştirak edib hərb sənətinin incəliklərini öyrəndi. Əfşan Hüseynov 2017-ci ildə “leytenant” hərbi rütbəsi alaraq Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. Xidməti dövründə bacarığı, qabiliyyəti və nizam-intizamı ilə seçildi, çox keçmədən “baş leytenant” hərbi rütbəsinə yüksəldi.

Azərbaycan Ordusunun baş leytenantı olan Əfşan Hüseynov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşə Füzulinin işğaldan azad edilməsi uğrunda gedən savaşla başladı. Rayonun özündə və kəndlərində gedən ağır və şiddətli döyüşlərdə iştirak edən Əfşan, eyni zamanda, Cəbrayılın və Hadrutun işğaldan azad olunması uğrunda gedən vuruşmalarda da mərdliklə savaşıb. Bir-birinin ardınca çətin döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gələrək qarşı tərəfin bir neçə alınmaz hesab edilən postunu və texnikasını ələ keçirib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən Əfşan vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə, ölkə Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Eyni zamanda, dövlət başçısının sərəncamlarına əsasən, Əfşan Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Əfşan Hüseynov, həmçinin xidməti dövründə “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” yubiley medalı ilə də təltif edilmişdi.

Döyüş yoldaşları danışırlar ki, Əfşan zabit şərəfini hər zaman üstün tutaraq şəxsi heyətin önündə gedirdi. Heç kəs onun dəqiq ixtisasını bilmirdi. Çünki mükəmməl döyüş taktikaları ilə özünü və şəxsi heyətini həmişə düşdükləri vəziyyətdən çıxarırdı. O, komandir olaraq şəxsi heyəti ardınca aparmağı bacarıb. Onun sonuncu döyüşləri Füzuli rayonunun Alxanlı kəndi ərazisində olub. Əfşan bölüyü ilə birlikdə ən çətin tapşırıqları yerinə yetirib, strateji postları alıb. Cəsur zabit düşmənin bir neçə tankını, BMP-sini də qənimət olaraq ələ keçirib.

Müharibədə döyüşlər arasında nisbətən sakitlik yarananda imkan tapıb ailəsi ilə bir neçə dəfə telefon əlaqəsi saxlayıb. Anası Şəhla ilə danışanda bacısı Ayşəni, atası Əbülfəzi soruşub. Həqiqi hərbi xidmətdə olan qardaşı Elcanla əlaqə olub-olmadığı ilə maraqlanıb. Döyüşlərin birində ağır yaralanan vaxt da ailəsi ilə bir neçə dəfə danışıb. Amma onlara nə harada olduğunu, nə də yaralandığını deyib.

Onun əsas nigarançılığı qardaşından olduğuna görə anası ilə növbəti dəfə danışanda Elcan barədə məlumat aldıqdan sonra rahat olub və döyüşçülərə də hər şeyin yaxşı olacağını bildirib.

Yoldaşları ona hospitala getməli olduğunu desələr də, bölüyündəkiləri tək qoymaq istəməyib, “hamımız bir canıq”– deyərək döyüşə davam edib. Əfşan Hüseynov oktyabrın 26-da Füzuli döyüşləri zamanı Alxanlı kəndi istiqamətində şəhid olub. Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dəfn edilib.

Əfşan subay idi. Ana-atasını yandıran da onun şəhidliyindən çox, bu dünyadan nakam köçməsidir. Şəhla xanım göz yaşlarını gizlətmir, aşkar görünür ki, ürəyinin yanğısı ötən illərdə hələ də soyumayıb. “Biz onu nə arzularla böyütdük, elə bil heç yox imiş, 24 yaşında əlimizdən uçdu, getdi. Barı, evlənsəydi, bir yadigarı qalardı, ona baxıb təsəlli tapardıq. Biz ona yol göstərmədik, xeyir-dua verdik. Özü seçdi, sənətini də, şəhidliyi də”, – deyir anası.

Atası isə nə qədər özünü təmkinli saxlamağa çalışsa da, səsinin titrəyişindən qəhərləndiyi aydın sezilir: “Neyləmək olar? Tək mənim balam deyil ki, şəhid olan. Qisməti belə imiş. Onun alnına taledən belə ömür yazılıbmış. Şükür Tanrının məsləhətinə. Gör, nə qədər şəhidimiz var? Oğullar Vətəni qorumayandan sonra kim qoruyacaq? Balamın itkisi qəlbimi yandırsa da, azadlıq yolunda şəhid olduğuna görə təskinlik tapıram”.

Əbülfəz Hüseynov doğru deyir. Şəhid olan tək onun balası deyil. Şəhidlər bir ailənin, bir kəndin, bir rayonun yox, bütün xalqın övladıdır. Xalqımız onlarla fəxr edir, xatirələrini əziz tutur. Çünki əzəli və əbədi torpaqlarımızı işğaldan azad edib bizə əmanət edən şəhidlər canlarını torpağa, ruhlarını isə Allaha əmanət etdilər.

Zərifə BƏŞİRQIZI
XQ

Chosen
9
1
xalqqazeti.az

2Sources