Ana dilimizin əlifba tarixindən
(əvvəli qəzetin 17, 23 və 29 yanvar 2026-cı il tarixli saylarında)
Qaraçaylı İslam özündən əvvəl çıxış edənlərlə polemika aparmaq niyyətində olmadığını bildirir və heç bir əlifbanın üstünlüyünü və ya çatışmazlığını sübut etməyə çalışmadığını qeyd edir. O, vurğulayır ki, fərqli əsaslar və yeni prinsiplərlə yeni bir əlifba yaradılmalıdır. Onun təklif etdiyi latın əlifbası, daha dəqiq desək, latın yazı sistemidir.
Qaraçaylılar Şimali Qafqazın digər dağlıları kimi, bu məsələni özləri üçün həll etmişlər. Onlar bildirirlər ki, ərəb-müsəlman mədəniyyətinə aid olmağımıza baxmayaraq, Şərq mədəniyyəti ilə bağlı deyilik. Ərəb əlifbası əsrlər boyu türk xalqlarında mövcud olsa da, demək olar ki, bütün türk xalqları, o cümlədən qaraçaylılar savadsızdır. Sual olunur: Köhnə əlifbadan imtina edib yeni əlifba qəbul edəndə nə itiririk? Heç kim üçün mübahisəli deyil ki, yeni əlifba yaratmaq və onu qəbul etmək vaxtı çoxdan çatıb, xüsusilə qaraçaylılar üçün. Xalq və onun düşünən hissəsi yeni əlifbaya azadlıq əlifbası kimi baxır. Bu səbəbdən aydındır ki, bütün türk xalqları yeni əlifbaya qoşulmalıdır.
***
Əvvəlki natiqlərdən fərqli olaraq, Qaraçaylı İslam məruzəsində polemikadan kənar, lakin ideya baxımından olduqca prinsipial mövqe nümayiş etdirir. O, konkret əlifbaların texniki üstünlük və ya çatışmazlıqlarını sübut etməyə çalışmır, əksinə, müzakirəni seçim səviyyəsindən əlifba fəlsəfəsi səviyyəsinə qaldırır. Bu yanaşma onu sadəcə praktik maarifçi kimi deyil, ideoloji mövqedən yanaşan layihə müəllifi kimi təqdim edir. Onun əsas tezisi mövcud əlifbalardan hər hansı birinin seçilməsi deyil, tamamilə yeni prinsiplərlə qurulmuş yazı sisteminin yaradılmasıdır. Bu baxımdan, latın əlifbası qrafik formasına görə universal yazı sistemi, mədəniyyəti simvolizə edən forma kimi təqdim olunur və əlifba anlayışı dar texniki çərçivədən çıxır. Məruzəsinin mühüm ideoloji hissələrindən biri ərəb-müsəlman mədəniyyətinə münasibətin yenidən formullaşdırılmasıdır. Qaraçaylılar dini baxımdan müsəlmandır, lakin mədəni baxımdan “Şərq”ə aid deyillər. O, bu ifadə ilə din və mədəniyyəti ayırır, ərəb əlifbasının dini legitimliyini neytrallaşdırır, əlifba məsələsini dini çərçivədən çıxararaq dünyəvi müstəviyə keçirir. Bu o dövr üçün olduqca cəsarətli və konseptual mövqedir. Bu yanaşma ərəb əlifbasının tarixi legitimliyini zəiflədir və onu praktiki iflasa uğramış sistem kimi təqdim edir.
Qaraçaylının səsləndirdiyi: “Yeni əlifba qəbul edəndə nə itiririk?” – sualı ritorikdir. Cavabın açıq şəkildə verilməməsi özü-özlüyündə aydın olduğunu bir daha təsdiqləmək üçündür. Bu texnika mübahisə imkanını daraldır, əks–mövqeləri zəif və müdafiəsiz göstərir, yeni əlifbanı labüd tarixi mərhələ kimi təqdim edir. Məruzənin ideoloji zirvə nöqtəsi latın əlifbasının “azadlıq əlifbası” adlandırmasıdır. Latın əlifbası burada texniki rahatlıqdan daha artıq intellektual və mədəni azadlığın simvolu, düşünən zümrənin gələcək layihəsi kimi təqdim olunur. Bu ifadə əlifba islahatını siyasi-emosional motivasiya ilə gücləndirir və onu kütləyə açıq edir. Son mərhələdə qaraçaylıların mövqeyi lokal çərçivəsindən çıxarılaraq ümumtürk miqyasına daşınır. “Bütün türk xalqları” ifadəsi əlifbanı milli yox, mədəni birlik aləti kimi təqdim edir. Bu latın əlifbasını həm də kommunikativ inteqrasiya layihəsinə çevirir.
Məruzə texniki dilçilikdən çox ideoloji-mədəni manifest xarakteri daşıyır, sovet modernləşməsi ilə səsləşsə də, milli özünüdərkin yeni, dünyəvi formasını təklif edir. Bu baxımdan, Qaraçaylı İslamın çıxışı əlifba müzakirələrinin ən konseptual və fəlsəfi mövqelərindən biri kimi dəyərləndirilə bilər.
Sabaşkin etiraf edir ki, əlifba məsələsində mübarizəyə hazır deyil, lakin müəyyən təhlil aparıb. O bildirir ki, terminologiya, türk xalqlarının mədəniyyəti və inkişaf yolu müzakirə edilməlidir – geri qalmış türk kütləsi irəliləyib və bu məsələnin praktiki həll yolları tapılmalıdır, çünki hər dəyişikliyin real əsasları olmalıdır. Azərbaycan təcrübəsini nəzərə alanda, latınla yazılan bəzi materiallar artıq tanışdır, çünki rus məktəbində oxumuşuq. İki düşərgə konkret çıxış yolunu tapmalıdır: köhnə yazıda qalmaq, yoxsa yenisinə keçmək. Neytral mövqedən çıxış edən Sabaşkinə görə, türk xalqlarının ədəbiyyatı latın texnikası tətbiq edildikdə daha zəngin olacaq.
***
Sabaşkinin çıxışı əvvəlkilərlə müqayisədə emosional və ideoloji deyil, daha çox analitik xarakter daşıyır. O, açıq şəkildə “mübarizəyə hazır olmadığını” etiraf etməklə, öz mövqeyini möhkəmləndirmir, diskussiyanı sərt qütbləşmədən çıxarmağa çalışır, özünü neytral müşahidəçi və vasitəçi kimi təqdim edir. Bu, sovet qurultay diskursunda nadir, lakin diqqətəlayiq strategiyadır. Sabaşkin əlifba məsələsini dar çərçivədə texniki problem kimi deyil, terminologiya, mədəni inkişaf və tarixi yol kontekstində görür. Bu yanaşma göstərir ki, əlifba dəyişməsi təkbaşına məqsəd deyil, daha geniş mədəni-modernləşmə mərhələsinin yalnız bir hissəsidir. “Geri qalmış türk kütləsi irəliləyib” ifadəsi klassik sovet terminologiyasını xatırlatsa da, burada inkişafın fakt kimi qəbul edilməsi vurğulanır. Məruzənin əsas intellektual dayaqlarından biri praktik realizmdir – “Hər dəyişikliyin real əsasları olmalıdır” tezisi ideoloji şüarlardan uzaq durmaq istəyi, əlifba islahatının sosial və pedaqoji nəticələrini hesablamaq tələbi kimi oxunur. Bu mövqe Sabaşkini radikal islahatçılardan fərqləndirir. Onun məruzəsində Azərbaycan nümunəsi arqument kimi istifadə olunur. Latın qrafikasında yazılmış materialların rus məktəbində oxuyanlar üçün artıq tanış olması göstərir ki, latın əlifbası tamamilə yad deyil, keçid psixoloji və texniki baxımdan mümkün görünür. Sabaşkin mövcud vəziyyəti iki alternativlə sərtləşdirir: köhnə yazıda qalmaq, yeni yazıya keçmək. Lakin bu ikiləşmə status-kvonun davamının qeyri-mümkünlüyünü, qərarın gecikdirilməsinin zərərli olacağına işarə edir.
İvanov qeyd edir ki, Çuvaş Respublikasında əlifba mövcud formada 50 il əvvəl yaradılmışdır. Onun təklifinə görə, əlifbanın iki tərəfi nəzərdən keçirilməlidir: birincisi, dilin səs aspektini nə qədər əhatə etməsi, ikincisi isə qrafikası. Bu baxımdan, əlifba mükəmməl olmasa da, pis sayılmaz. Tədris aparılan yerlərdə əlifbanın səs və qrafika baxımından müəyyən natamamlıqları barədə heç vaxt müzakirə qaldırılmayıb. Doğrudur, qrafik baxımdan bəzi çatışmazlıqlar – üst işarələr mövcuddur, amma sayı çox deyil və bu səbəbdən əlifbanı dəyişmək məsələsi gündəmə gətirilmir.
***
İvanov məruzəsində əlifba müzakirələrinin konservativ-rasional mövqe sərgiləyir. Digər natiqlərdən fərqli olaraq, o, əlifbanı nə ideoloji simvola çevirir, nə də onu mədəni xilas layihəsi kimi təqdim edir. Məruzə sabitlik və praktik davamlılıq üzərində qurulub. Əlifbanın 50 il əvvəl yaradılması faktı təsadüfi deyil, bu, onun artıq tarixi legitimliyə və təcrübə ilə sınaqdan çıxmış statusa malik olduğunu göstərmək üçündür. O, əlifbanı qiymətləndirmək üçün aydın və elmi baxımdan əsaslandırılmış iki şərt irəli sürür: 1)fonetik adekvatlıq – dilin səs sistemini nə dərəcədə əhatə etməsi; 2)qrafik uyğunluq – yazı formasının istifadəyə yararlılığı. Bu yanaşma əlifba mübahisəsini emosional və ideoloji müstəvidən, struktur-linqvistik təhlil müstəvisinə keçirir. Əlifbanın “mükəmməl olmadığını” etiraf etsə də, onu “pis” hesab etmir. Bu, optimalizm mövqeyidir. Əlifba ilə bağlı tədris mühitində problem qaldırılmaması çox əhəmiyyətlidir. Bu, göstərir ki, əlifba real istifadədə funksionaldır, onun qüsurları sistematik maneəyə çevrilməyib, dilin öyrədilməsi və ötürülməsi baxımından böhran yaratmır. Beləliklə, əlifba yalnız nəzəri cəhətdən deyil, praktik sınaqdan çıxmış mexanizm kimi təqdim olunur.
Diakritik çatışmazlıqlar sırasında “sətirüstü işarələr” qeyd edilir. Lakin onların sayının az olması, oxu-yazı prosesinə ciddi maneə yaratmaması xüsusi vurğulanır. Bu, latınlaşdırma tərəfdarlarının tez-tez irəli sürdüyü “əlifba sadə olmalıdır” fikrinə dolayı cavabdır. İvanovun çıxışında əsas məqsəd əlifbanı müdafiə etmək deyil, əlifba dəyişikliyi ehtiyacını aradan qaldırmaqdır. Məntiq belə qurulur: əlifba işləkdir, qüsurlar sistemli problem yaratmır, tədris və mədəni dövriyyə pozulmur.
Qorxmasov bildirir ki, müzakirələrə görə latın əlifbası çoxsaylı islahatların məhsuludur, ərəb əlifbası isə hələ də ilkin sadəliyindən uzaqdır. Bir neçə inqilab latın əlifbasını xalq kütlələrinə yaxınlaşdırıb, ərəb əlifbası isə hələ də yalnız azsaylı, elit təbəqəni təmsil edənlər üçün əlçatandır. Latın əlifbası Şimali Qafqaz, Azərbaycan, Yakutiya və digər ölkələrdə təcrübədən keçmişdir. Buna görə də, daha təkmil olan latın əlifbasını qəbul etməli, onu öz dilimizə uyğunlaşdırmalı və həyatımızın digər şərtləri ilə uzlaşdırmalıyıq.
Əlifba mədəniyyət və sosial həyatla sıx bağlıdır. Ərəb əlifbası tarixdə azsaylı elit təbəqə və ruhani sinfin mədəni istehsal və hakimiyyət aləti kimi yaranmış, xalq üçün əlçatmaz olmuşdur. Ərəb əlifbası yalnız burjua sinfinin təzyiqi altında islah olunmağa başlamışdır və bu sinif öz hakimiyyətini qorumağa çalışmışdır. 1905-ci il burjua-demokratik inqilabi hərəkatı ilə Türkiyə, ərəb ölkələri və digər müsəlman ölkələrində ərəb əlifbasının islahı məsələsi qaldırılmışdır. Lakin islah edilmiş əlifba da sinfi mənşəyini əks etdirir və geniş kütlələr üçün hələ də çətin əlçatandır.
Latın əlifbası inqilabın məhsuludur: bunu başa düşməli, qiymətləndirməli və ən yaxşı, ən sürətli üsulla tətbiq etməliyik. Daha gecikmək olmaz; zaman bizi gözləmir. Bu səbəbdən Tatarıstan və Qazaxıstan nümayəndələrinin arqumentlərindəki xırda iradlar açıq görünür: birincilər latın əlifbasına qarşı çıxaraq beş yüz illik mədəniyyətlərinə istinad edirlər, lakin onun klerikal xarakterini unudurlar; ikincilər isə on üç illik “mükəmməl” əlifba ilə fəxr edirlər. Belə səthi yanaşmaq olmaz: bu, tarixə qarşı getmək deməkdir. Tarixi anlamaq üçün daha həssas və dərin münasibət lazımdır; əks halda, biz, geridə qalmış xalqlar, daha da geri qalacağıq.
Bütün türkdilli və müsəlman xalqlar üçün aydın olmalıdır ki, Şərq hazırda böyük bir dönüş nöqtəsi yaşayır. Mədəni və siyasi baxımdan digər Şərq xalqlarına nümunə olmalıyıq. Bunu zorla ərəb əlifbasını saxlamaqla deyil, latın əlifbasının üstünlüklərini göstərməklə edəcəyik. Latın əlifbasını qəbul etməyimiz tarixin yeni bir dövrünü açacaq.
***
Qorxmasovun məruzəsi müzakirələr içində ən açıq ideoloji, tarixi mövqeni təmsil edir. Digər natiqlər daha çox praktik, texniki və ya kompromisli arqumentlər irəli sürdüyü halda, o, əlifba məsələsini birbaşa sinfi mübarizə və inqilabi tarix fəlsəfəsi müstəvisində təhlil edir. Burada əlifba artıq dilçilik problemi deyil, istehsal münasibətlərinin və hakimiyyət strukturunun məhsulu kimi təqdim olunur.
Qorxmasovun əsas analitik xətti əlifbaların genezisi üzərində qurulub: latın əlifbası çoxsaylı islahatların, inqilabların və sosial transformasiyaların nəticəsidir, ərəb əlifbası ilkin sadəliyindən uzaqlaşmış, dəyişməyə müqavimət göstərən, tarixən elit təbəqələrin inhisarında olmuş sistemdir. Bu qarşılaşdırma texniki yox, tarixi-funksional tipologiya yaradır. Latın əlifbası “açıq”, “islaha açıq”, “xəlqiləşmiş” sistem kimi təqdim edilir; ərəb əlifbası isə “qapalı”, “elitar” və “tarixi ləngidən” struktur kimi xarakterizə olunur. Onun diskursunda latın əlifbasının əsas üstünlüyü onun kütlələrə yaxınlaşdırılmasıdır. “Bir neçə inqilab latın əlifbasını xalq kütlələrinə yaxınlaşdırıb” fikri burada həlledici rol oynayır. Bu tezis göstərir ki, yazı sistemləri neytral deyil, onların forması və mürəkkəbliyi sosial iştirak səviyyəsini müəyyən edir. Əlifba maarifləndirmə aləti olmaqla yanaşı, siyasi subyektivlik yaradan mexanizm kimi təqdim olunur. Məruzənin ən kəskin hissəsi ərəb əlifbasının ruhani sinfinin əlində hakimiyyət aləti kimi təsvir edilməsidir: ərəb əlifbası xalq üçün deyil, elit istehsal və idarəetmə ehtiyacları üçün formalaşıb, onun islahı yalnız burjua təzyiqi ilə mümkün olub, islah olunmuş variant belə sinfi izlərini qoruyur və kütlələr üçün əlçatan deyil. 1905-ci il burjua-demokratik hərəkatına istinad xüsusi əhəmiyyət daşıyır. Qorxmasov bununla ərəb əlifbasının islahının inqilabi yox, kompromis xarakterli olduğunu diqqətə çatdırır və qeyd edir ki, bu səbəbdən kütləvi maarifləndirmə potensialı məhdud qalıb. Məruzəsinin sonunda Qorxmasov Şərq anlayışını yenidən mənalandırır: Şərq artıq passiv, ənənəvi məkan deyil, böyük dönüş nöqtəsində olan aktiv tarixi obyektdir. Bu dönüşün simvolu isə latın əlifbasıdır. Ərəb əlifbasını “zorla saxlamaq” geriliyin davamı kimi təqdim olunur; latın əlifbasını qəbul etmək isə nümunəvi modernləşmə aktıdır.
S.Ağamalıoğlu iki məsələyə toxunur. Birincisi, kazanlı yoldaşların 500 illik ədəbiyyat tarixinə istinad etməsi, görünür, onlara yeni əlifbaya keçməyə mane olur. Lakin bu, tarixin günahı deyil. Təxminən, həmin dövrdə azərbaycanlıların da ədəbiyyatı vardı. Məsələn, Füzulini götürsək, Azərbaycan ədəbiyyatı da eyni inkişaf trayektoriyasını göstərir. Baytursun isə deyir: Kimdə ağıl varsa, ərəb əlifbasında qalsın; kimdə ağıl yox, hiss varsa, yeni əlifbaya keçsin. S.Ağamalıoğlu vurğulayır ki, insanlar bu qarmaqarışıqlara öyrəşmişdir – bu, artıq hissdir, ağıl isə həyatın tələb etdiyi, doğma olanı seçə bilir.
İkincisi, müxtəlif prinsiplər irəli sürülmüşdür, lakin təbiətdə sosial həyatın və insanın inkişaf tarixinin ali qanunu mövcuddur; bütün prinsiplər bu qanuna tabedir. Türklər və tatarlar üçün indi belə bir imkan yaranıb: bu inqilabi dövrdə yeni əlifbaya keçmək, tatar və türk xalqına əsas vermək, özlərindən əsarəti götürmək, hamı ilə bərabər olmaq, lazımsız köhnə vərdişlərə qapılmamaq və insanlıqla birlikdə irəliləmək.
***
S.Ağamalıoğlunun məruzəsi əlifba müzakirələrində sintezçi və normativ-ideoloji mövqeni təmsil edir. O, bir tərəfdən konkret polemik nöqtələrə toxunur (Kazanlı yoldaşlar, Baytursun), digər tərəfdən isə müzakirəni ümumi tarixi-fəlsəfi qanunauyğunluq müstəvisinə keçirir. Bu, onu təkcə mübahisə iştirakçısı kimi deyil, müzakirəni yekunlaşdıran ideoloq olduğunu göstərir. S.Ağamalıoğlu Kazan nümayəndələrinin əsas arqumentini – “beş yüz illik ədəbiyyat tarixi”ni emosional maneə kimi təqdim edir. Onun məntiqi belədir: uzun ədəbiyyat tarixi əlifbanın dəyişməzliyi üçün əsas deyil, tarix özü neytraldır, onu yanlış oxuyan insanlardır. Azərbaycan nümunəsinin (Füzuli) gətirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu nümunə ilə mədəni dəyərin əlifbaya bağlı olmadığı, eyni tarixi dərinliyə malik xalqların yeniliyə açıq olduğu göstərilir; tarix maneə yox, müqayisə obyektidir.
Baytursunun “ağıl–hiss” bölgüsü S.Ağamalıoğlu tərəfindən yenidən mənalandırılır. Baytursun hissi yeni əlifbaya keçid motivasiyası kimi təqdim edərkən S.Ağamalıoğlu bunun əksini iddia edir: Köhnə əlifbaya bağlılıq öyrəşmə və hissdir, yeni əlifbanı seçmək isə rasional, həyati zərurətə əsaslanan qərardır.
Məruzənin fəlsəfi nüvəsini “təbiətdə sosial həyatın və insanın inkişaf tarixinin ali qanunu” anlayışıdır. Bu anlayış tarixi determinizmlə səsləşir, lakin onu milli – əlifba məsələsinə tətbiq edir. Burada bütün fərdi prinsiplər (əlifba seçimi, ənənə, mədəni irs) ikinci dərəcəli sayılır, əsas olan insanlığın ümumi inkişaf xəttidir. S.Ağamalıoğlu üçün əlifba dəyişikliyi sadəcə texniki islahat deyil, tarixi fürsətdir. O, bu fürsəti belə əsaslandırır: yeni əlifba əsarətdən azad olmaq, bərabərlik, mədəniyyətlə irəliləyişdir. Onun fikirlərində əlifba dəyişməsi etik və siyasi məna qazanır. “İnsanlar bu qarmaqarışıqlara öyrəşmişdir” ifadəsi əlifba məsələsini kütlə psixologiyası prizmasından izah edir. Köhnə yazının müdafiəsi mədəni üstünlük yox, vərdiş kimi təqdim olunur.
Məruzə ideoloji baxımdan ardıcıl və sistemlidir, emosional arqumentləri rasional çərçivəyə salır, əlifba mübahisəsini tarixi və sosial azadlıq anlayışları ilə sintez edir. S.Ağamalıoğlunun məruzəsi əlifba məsələsini fərdi seçim yox, tarixi məsuliyyət kimi təqdim edir və müzakirələr içində yekunlaşdırıcı mövqe tutur.
***
Qurultayın qərarına uyğun olaraq, Sovet İttifaqına daxil olan digər türk respublikalarında da ərəb əlifbası latın qrafikası ilə əvəz edildi: 1929–1939-cu illər arasında bütün türk respublikalarının ərazilərində latın qrafikası istifadə olunurdu, lakin 1930-cu illərin sonlarında Sovet rəhbərliyi bu əlifbanı dəyişdirmək üçün fəaliyyətə başladı. 1939-cu ildə SSRİ-nin milli respublikalarında kiril qrafikasına keçidlə bağlı qərar qəbul edildi. Rəsmi izahda latın əlifbasından kiril əlifbasına keçidin “əməkçilərin ümumi arzusu ilə həyata keçirildiyi” bildirilirdi.
Nadir MƏMMƏDLİ,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor