EN

Ruslan Əmircanov: “Neftçi”ni buna məcbur etmək olmaz”

“Heç kim “Neftçi”ni qınaya bilməz. İki klub arasında qəbul edilən qərara kənardan müdaxilə olunmamalıdır. Hazırda “Qarabağ” futbolçularında sanki son oyuna çıxacaqlarmış kimi böyük məsuliyyət və həyəcan var. “Nyukasl”ı düşünə-düşünə ölkə çempionatında belə bir matça çıxmaq onlar üçün asan olmayacaq”.

Bu sözləri veteran futbolçu Ruslan Əmircanov deyib.

R.Əmircanov Misli Premyer Liqasının 21-ci turu çərçivəsində keçiriləcək “Neftçi” - “Qarabağ” oyununun təxirə salınması ilə bağlı Ağdam klubunun müraciətinin rədd edilməsinə münasibət bildirib. Onun sözlərinə görə, “ağ-qaralar”ın bu təkliflə razılaşmaması ətrafında yaranan etirazlar düzgün deyil.

“Belə hallar bizim vaxtımızda da olurdu. Hansı klub avrokuboklarda mərhələ adlayırdısa, çempionat oyunlarının vaxtının dəyişdirilməsi halları yaşanırdı. Bu, adətən qarşılıqlı razılıq əsasında baş tuturdu. Mən “Neftçi”də oynayarkən də olub ki, “Qarabağ” avrokubok oyununun ağırlığını nəzərə alaraq çempionat matçının təxirə salınmasını xahiş edib və klub buna razılaşıb. “Neftçi” ambisiyalı komandadır. Klub rəhbərliyi və baş məşqçi məsləhətləşərək bu qərarı veriblər. Bu da onların hüququdur. Heç kim deyə bilməz ki, niyə belə etdiniz? Deməzdim ki, “Neftçi” səhv addım atıb. Kömək etmək olardı, amma onları buna məcbur etmək olmaz. Heç bir tərəfi müdafiə etmirəm. Razılıq olmadıqda “Qarabağ” meydana çıxıb oynamağa borcludur. Başqa variant yoxdur”, - deyə o, futbolinfo.az-a açıqlamasında bildirib.

Veteran futbolçu belə halda “Neftçi”nin derbini qazanmaq şanslarının yüksək olduğunu da bildirib:

“Qurban Qurbanov bəzi futbolçuları qoruya bilər, lakin ehtiyat heyət də meydana çıxıb mübarizə aparacaq. “Qarabağ”ın “Nyukasl”la çox çətin oyunu var və bu qarşılaşmaya daha rahat hazırlaşmaq istəyirdilər. Bundan əvvəl “Turan Tovuz”la oyun da çox gərgin keçmişdi. “Neftçi” rəhbərliyi düşünür ki, “Qarabağ” əsas diqqətini “Nyukasl”la matça yönəldib və bu, onlara çempionatda üstünlük qazanmaq imkanı yarada bilər. Bu vəziyyətdən istifadə edərək xal qazanmaq istəyirlər. Belədə “Qarabağ” qaydalara uyğun olaraq meydana çıxıb mübarizə aparacaq. “Neftçi” isə bu fürsətdən maksimum yararlanmağa çalışacaq”.

İdman.Biz
Chosen
16
1
idman.biz

2Sources