"Qarabağ" klubunu bu ay sıx qrafik və vacib oyunlar gözləyir.
Oxu.Az xəbər verir ki, komanda 24 gün ərzində yeddi oyuna çıxmalıdır.
Komanda bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsində "Şamaxı" ilə oynamaq üçün səfərə yollanır. Ağdam təmsilçisi bu oyundan beş gün sonra yəni fevralın 10-da Misli Premyer Liqasının 19-cu turunda yenidən "Şamaxı" ilə qarşılaşmaq üçün səfər gedəcək. Bu oyundan dörd gün sonra isə Premyer Liqanın 20-ci turunda "İmişli" komandasına qarşı matç üçün Quba Olimpiya Kompleksinin stadionuna yollanmalıdırlar.
Bu səfərdən geri döndükdən sonra isə fevralın 18-də "Qarabağ"ı UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl Yunayted"ə qarşı vacib oyun gözləyir. Bu qarşılaşmadan üç gün sonra isə "Neftçi" - "Qarabağ" oyunu baş tutacaq.
* "Neftçi" "Qarabağ"la ev oyununun təxirə salınması təklifini qəbul etməyib
Bu çətin qarşılaşmadan bir gün sonra isə komanda fevralın 24-də "Nyukasl Yunayted"lə cavab qarşılaşması üçün İngiltərə səfərinə yollanacaq. Onu da qeyd etmək lazımdır ki, Nyukasl şəhəri Bakıdan xeyli uzaqda - 4 080 kilometr məsafədə yerləşir.
Bu çətin səfərdən qayıdan komanda bəlkə də yerli çempionatın ən önəmli oyununa çıxacaq. Martın 1-də "Qarabağ" klubu öz meydanında "Sabah" klubu ilə üz-üzə gələcək. Liderlik uğrunda mübarizə aparan iki klubun belə bir anda qarşılaşması "Sabah" üçün şans hesab oluna bilər, lakin "Qarabağ"ın da çempionluq yarışında qalması üçün bu matçda xal qazanması vacibdir.
05.02.2026, "Şamaxı" - "Qarabağ" (Azərbaycan Kuboku)
10.02.2026, "Şamaxı" - "Qarabağ" (Misli Premyer Liqası)
14.02.2026, "İmişli" - "Qarabağ" (Misli Premyer Liqası)
18.02.2026, "Qarabağ" - "Nyukasl" (UEFA Çempionlar Liqası)
21.02.2026, "Neftçi" - "Qarabağ" (Misli Premyer Liqası)
24.02.2026, "Nyukasl" - "Qarabağ" (UEFA Çempionlar Liqası)
01.03.2026, "Qarabağ" - "Sabah" (Misli Premyer Liqası)