EN

Banklarla müştəri arasında “müqavilə ədalətsizliyi” “Müştəriyə real seçim və ya müdafiə imkanı vermir...”

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Azərbaycanda maliyyə xidmətlərindən istifadə edən vətəndaşların hüquqları faktiki olaraq qorunmur. Kredit və ya depozitlə bağlı bankla müştəri arasında imzalanan müqavilələr hüquqi baxımdan bankların xeyrinə tərtib olunur və real həyatda müştəri üçün ədalətli mexanizm yaratmır".

"AzPolitika" xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev bildirib. 

O qeyd edib ki, vətəndaş bankın şərtləri ilə razılaşmadıqda, bank nümayəndəsi dərhal imzalanmış müqaviləyə istinad edir və bütün şərtlərin orada əks olunduğunu bildirir. Hüquqi baxımdan bank haqlı kimi görünsə də, prosesin mahiyyəti tamamilə fərqlidir:

“Xırda istisnalarla demək olar ki, heç kim müqavilə imzalanarkən onun şərtlərini oxumur. Bank işçiləri də buna real şərait yaratmır. Bizdə müqavilə imzalanması prosesi formal texniki proseduru xatırladır: bank kredit ayırır, müştəri də formallıq xatirinə kağızları imzalayır”, - deyə, o, bildirib.

Samir Əliyevin sözlərinə görə, banklarda müqavilələrin hər səhifəsinin tələsik imzaladılması, müştəriyə sənədlə tanış olmaq üçün vaxt verilməməsi artıq adi praktikaya çevrilib. Nəticədə kredit məhsulunun əsas sənədi olan müqavilənin imzalanması cəmi 1–2 dəqiqə çəkir. Daha sonra problem yarananda isə müştərinin nə oxuduğu, nə də asanlıqla tapa bildiyi həmin müqavilə bank üçün əsas arqumentə çevrilir.

İqtisadçı vurğulayıb ki, banklar bu məsələdə formal olaraq hüquqi üstünlüyə malik olsalar da, əslində ədalətsiz mövqedədirlər. Çünki müqavilələr birtərəfli qaydada – bankların maraqlarına uyğun hazırlanır:

-müqavilələrin şriftləri çox kiçikdir və oxumaq çətindir;

-istifadə olunan dil hüquqşünaslar üçün nəzərdə tutulub, sadə vətəndaş üçün anlaşıqlı deyil;

-müqavilələr əsasən bankın hüquqlarını və müştərinin öhdəliklərini əks etdirir.

Onun fikrincə, bu tip hüquqi sənədlər müştəriyə real seçim və ya müdafiə imkanı vermir, bankları isə demək olar ki, həmişə haqlı çıxarır.

Samir Əliyev bildirib ki, hazırda maliyyə xidmətlərindən istifadə edən müştərilərin hüquqları sistemli şəkildə qorunmur. Bunun səbəbi isə müvafiq qanunvericilik bazasının natamam olmasıdır. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanun geniş istehlakçı anlayışına fokuslanır və maliyyə sektorunun spesifik xüsusiyyətlərini əhatə etmir. Mülki Məcəllədə müqavilə öhdəlikləri olsa da, məsələyə ümumi yanaşılır. Bank qanunvericiliyində isə müştəri hüquqları yalnız ayrı-ayrı elementlər şəklində yer alır.

İqtisadçıya görə, hüququ pozulan müştəri hansı qanuna istinad edəcəyini, hansı hüquqi mexanizmlə bankla mübahisə aparacağını bilmir: “Etiraf etməliyik ki, bu gün maliyyə xidmətləri istifadəçilərinin hüquqlarının qorunması nə arzuolunan səviyyədədir, nə də bu sahəni əhatə edən ayrıca və təkmil qanunvericilik aktı mövcuddur”.

Samir Əliyev xatırladıb ki, maliyyə sektoru bütün dünyada, o cümlədən Azərbaycanda sürətlə böyüyür və maliyyə xidmətlərindən istifadə edənlərin sayı ildən-ilə artır. Bu gün gənclərdən tutmuş işləməyən pensiyaçılara qədər demək olar ki, hər kəs kredit, depozit, ödəniş və digər maliyyə xidmətlərinin müştərisinə çevrilib. Lakin istifadəçi sayı artdıqca onların hüquqi müdafiəsi eyni templə gücləndirilmir.

İqtisadçı beynəlxalq təcrübəyə də diqqət çəkib. Onun sözlərinə görə, bir çox ölkələrdə maliyyə xidmətləri istifadəçilərinin hüquqları ayrıca qanunvericilik aktları ilə tənzimlənir. Avropa Birliyində Consumer Credit Directive, PSD2 və MiFID II, Böyük Britaniyada Consumer Credit Act və Financial Services and Markets Act, ABŞ-da isə Dodd-Frank Act və digər qanunlar buna nümunədir. Keçmiş SSRİ ölkələrindən Rusiya, Ukrayna, Moldova və Qazaxıstan da bu sahədə xüsusi qanunvericilik mexanizmləri formalaşdırıb.

Samir Əliyev vurğulayıb ki, maliyyə xidmətləri yalnız kredit və depozitlə məhdudlaşmır. Buraya sığorta, investisiya, ödəniş sistemləri və digər xidmətlər də daxildir və bu bazar gələcəkdə daha da genişlənəcək. Bu isə mövcud qanunlarla istifadəçilərin qorunmasını mümkünsüz edir.

İqtisadçının fikrincə, çıxış yollarından biri Azərbaycanda yeni və ayrıca bir qanunun – “Maliyyə xidmətlərindən istifadə edən istehlakçıların hüquqlarının qorunması haqqında” qanunun qəbul edilməsidir.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
azpolitika.info

1Sources