EN

“Demokratiyanın sağlamlığı onun qüsursuz olmasıyla yox, qüsurlarının üzə çıxmasına və müzakirəsinə imkan verməsi ilə ölçülür...”

“Bütün çatışmazlıqlarına baxmayaraq, alternativləri ilə müqayisədə yenə də ən məqbul idarəçilik forması demokratik sistemlər olaraq qalır…”   
 
“...Söhbət məndən gedirsə, nə Tramp fenomeni, nə Qərb demokratiyalarının böhranı, nə də bu proseslərlə bağlı ortaya çıxan qalmaqallar məni sarsıdıb. Həm həyatdan aldığım şəxsi təcrübə, həm də illər boyu formalaşmış düşüncə tərzim buna imkan vermir...”

*** *** ***
“Maraqlıdır, uzun illərdir ABŞ-da yaşayıb-işləyirsiz. Donald Trampın xüsusən ikinci prezidentlik dövründəki əndrəbadi siyasi davranış və gedişləri, onun aşağı əxlaqi keyfiyyətlərini açıq şəkildə büruzə verməsi, “mən diktatoram” deyərək digər ölkələrlə təzyiq dili ilə danışması, Rusiya-Ukrayna savaşı timsalında istənilən situasiyada güclünü haqlı sayması və ən əsası, üstəgəl onun super-əxlaqsız və cinayətkar dostu olduğu deyilən Epşteynlə bağlı az qala bütün dünyaya siraət etmiş sənədli qalmaqallar və s. qəlbinizdə, düşüncənizdə Amerika demokratiyası və ümumiyyətlə, Qərb dünyasının idarəçilik sistemi haqda hansısa dəyişikliklərə, təbəddülatlara gətirib çıxarmadı ki? Konspirologiyaya meyillənmədiniz ki? Yoxsa bütün bunları sakit və təbii qarşılayırsınız?..” “Demokratiyanın sağlamlığı onun qüsursuz olmasıyla yox, qüsurlarının üzə çıxmasına və müzakirə olunmasına imkan verməsi ilə ölçülür...”

Bu suallarla müraciət etdiyimiz ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli Moderator.az-a açıqlamasında aşağıdakı fikirləri ifadə edib:

“Beynəlxalq münasibətlər sistemində dövlətlərin davranışını, ölkədaxili müstəvidə hökumətlərin və siyasi partiyaların hərəkətlərini, cəmiyyət daxilində isə qrupların və fərdlərin davranışını anlamaq və izah etmək üçün uzun illərdir müxtəlif yanaşmalardan, modellərdən və nəzəriyyələrdən istifadə edirəm. Beynəlxalq hadisələri izah edərkən istinad etdiyim məktəblər arasında realizm və tənqidi yanaşmalar xüsusi yer tutur. Bu da o deməkdir ki, bu gün üzləşdiyimiz bir çox eybəcər və ədalətsiz siyasi praktikaları mən illər öncədən tənqid etmişəm və onların potensial nəticələrini mümkün ssenarilər kimi görmüşəm...
 
Şəxsi baxımdan liberal – yəni azadlıq tərəfdarı – bir insan olsam da, beynəlxalq münasibətlərdə hökm sürən əsas siyasətin hər zaman realizm prinsipləri üzərində qurulduğunu düşünmüşəm. Güc amili, maraqların üstünlüyü və ikili standartlar bu sistemin təməl elementləridir. Bu mənada Donald Trampın davranışları, siyasi dili, açıq-aşkar əxlaqi deqradasiyası və “güclü haqlıdır” yanaşması məni nə təəccübləndirdi, nə də konspirologiyaya sürüklədi. Bunlar sistemin istisnası yox, onun daha çılpaq və maskasız formasıdır…   
 
Nəzərə almaq lazımdır ki, dünyanın heç bir ölkəsində ideal və qüsursuz demokratik sistem mövcud deyil. Demokratiyalar yalnız nisbi müqayisə zamanı fərqlənir: bəziləri digərlərinə nisbətən daha işlək, daha hesabatlı və daha faydalı və ya az zərərli ola bilir. Bütün çatışmazlıqlarına baxmayaraq, alternativləri ilə müqayisədə yenə də ən məqbul idarəçilik forması demokratik sistemlər olaraq qalır…   
 
Lakin son illərdə demokratiyanın öz daxilində gizlətdiyi ziddiyyətlər, yalanlar və ikili standartlar daha açıq şəkildə üzə çıxmağa başlayıb. Demokratiyaya şərtsiz inanan, onu eyibsiz və toxunulmaz hesab edən insanlar üçün bu proses sarsıdıcı oldu. Mən isə demokratiyanın qüsursuz olduğuna heç vaxt inanmadığım üçün baş verənləri mümkün və gözlənilən hadisələr kimi qəbul etdim.
 
Qısacası, söhbət məndən gedirsə, nə Tramp fenomeni, nə Qərb demokratiyalarının böhranı, nə də bu proseslərlə bağlı ortaya çıxan qalmaqallar məni sarsıdıb. Həm həyatdan aldığım şəxsi təcrübə, həm də illər boyu formalaşmış düşüncə tərzim buna imkan vermir. Mən daha çox sistemlərin necə işlədiyini anlamağa çalışıram, onlardan möcüzə gözləmirəm…
 
Bu gün hamımızın şahidi olduğumuz proses bir çoxlarını təəccübləndirməyə, bəzilərini isə hətta məyus etməyə və təəssüfləndirməyə davam edəcək. Lakin unutmamaq lazımdır ki, üzə çıxan bu eybəcərliklər baş verməsəydi, əslində mövcud olan bu qeyri-insani ve qeyri-etik olaylar öz-özünə yox olmayacaqdı. Bu mənada, acı da olsa, onların açıq şəkildə görünməsi daha doğru oldu. Bu, həm ədalət, həm də həqiqət baxımından vacibdir… 
 
Demokratiyanın, ümumiyyətlə isə hər hansı siyasi sistemin sağlamlığı onun qüsursuz olmasıyla yox, qüsurlarının üzə çıxmasına və müzakirə olunmasına imkan verməsi ilə ölçülür. Maskalar nə qədər tez düşürsə, cəmiyyətlərin özlərini düzəltmək imkanı da bir o qədər artır. Bu proses xoşagəlməz ola bilər, amma zəruridir...
 
Bütün bunlar bir gerçəyi bir daha təsdiqlədi: həqiqətin gec-tez üzə çıxmaq kimi dəyişməz bir xüsusiyyəti var. İnsanlar, cəmiyyətlər və dövlətlər bu reallığı qəbul edərək yaşamalıdır. Həqiqətin üstünü nə qədər örtməyə çalışsalar da, o bir gün mütləq öz yolunu tapır. Məhz buna görə də baş verənlərə romantik illüziyalarla deyil, soyuqqanlı və realist baxmaq lazımdır...”
 
Təqdim etdi:
 
Sultan Laçın
 
Chosen
7
2
moderator.az

3Sources