İran və ABŞ fevralın 6-da Oman Krallığında nüvə məsələlərinə dair danışıqlar keçirəcək.
KONKRET.az xəbər verir ki, bu barədə İranın ISNA agentliyi məlumat yayıb.
Agentlik qeyd edir ki, görüş əvvəlki formatda, Omanın vasitəçiliyi ilə keçiriləcək. İran tərəfini Xarici İşlər naziri Abbas Arakçı ABŞ-ı isə prezidentin xüsusi elçisi Stiv Uitkof təmsil edəcək.
Görüşdə ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin də iştirak etməsi mümkündür.
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib ki, İranın ali lideri Əli Xamenei ABŞ-la gərginlik fonunda ciddi narahat olmalıdır. “Mən deyərdim ki, onun çox narahat olması lazımdır”, – Tramp deyib.
Tramp daha əvvəl bildirib ki, ABŞ böyük bir hərbi qüvvəni İran istiqamətinə göndərir və ümid edir ki, Tehran “ədalətli və bərabər” razılaşma imzalayaraq nüvə silahından tam imtina edəcək.
ABŞ lideri xatırladıb ki, 2025-ci ilin iyun ayındakı əməliyyat çərçivəsində İranın nüvə obyektlərinə zərbələr endirib və əlavə edib ki, növbəti hücum bundan da pis olacaq”.
Müşviq Tofiqoğlu
KONKRET.az