EN

Mikayılovun səssiz gedişinin pərdəarxası: Yaxın günlərdə qərar verilə bilər

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovın vəzifəsindən azad edilməsinin səbəbləri ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Belə ki, iddialara görə, bu qərar S.Mikayılovun son dövrlər fəaliyyətində yol verdiyi çoxsaylı səhvlər, eləcə də rüşvət və korrupsiya halları ilə əlaqələndirilir. Bildirilir ki, icra başçısının fəaliyyəti zamanı aşkarlanan nöqsanlar sonda onunla bağlı ciddi addımların atılmasına gətirib çıxarıb.

Qeyd edək ki, ötən il noyabrın 1-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Rəsmi məlumata əsasən, rayon ərazisində rüşvət müqabilində torpaq üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə bağlı təqsirləndirilən bir sıra vəzifəli şəxslər saxlanılaraq həbs edilib.

Bütün bu hadisələr fonunda Qaradağın sabiq icra başçısı Süleyman Mikayılovla bağlı daha bir sual gündəmə gəlib. Belə ki, cəmiyyətdə onun digər icra başçıları kimi niyə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xüsusi əməliyyata cəlb edilmədiyi müzakirə olunur. Çünki bəzi iddialarda S.Mikayılovun da müxtəlif qanunsuzluqlarda iştirak etdiyi əsas gətirilir.

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, hansısa iri məmurun işdən çıxarılması üçün barəsində mütləq DTX-nın istintaq aparmasına ehtiyac yoxdur:

“Bəzi hallarda şəxs öz vəzifəsini layiqincə yerinə yetirmir və Prezident onu postundan kənarlaşdırır. Amma bu o demək də deyil ki, Süleyman Mikayılovla bağlı DTX araşdırma aparmayıb. Sözsüz ki, 1995-ci ildən indiyədək 30 ildən artıq ən müxtəlif yüksək vəzifələrdə çalışan, gömrük orqanlarından icra hakimiyyətlərinə qədər çeşidli rəhbər postlarda işləyən bu adam “aydan arı, sudan duru” birisi də deyil”.

Siyasi şərhçi bildirib ki, müxtəlif zamanlarda media orqanlarında Mikayılov barəsində xeyli sayda iddialar irəli sürülüb:

“Yəqin ki, bu iddialarda həqiqət payı da az olmayıb. Əlbəttə ki, belə bir adamın DTX-nın gözündən yayınması mümkün deyil. Ola bilsin, yaxın zamanlarda Süleyman Mikayılov hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb olunsun. Hər halda bu barədə qəti söz demək üçün bir qədər gözləməli olacağıq”.

Xatırladaq ki, ötən il keçirilən əməliyyat nəticəsində Qaradağ rayon icra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov məhkəmənin qərarı ilə 3 ay 28 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
3
globalinfo.az

4Sources