Mia.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Otuz il ərzində dörd prezident dəyişdi, iki partiya hakimiyyətdə oldu, amma sistem dəyişmədi. Epşteyn toxunulmaz qaldı. Ta ki, toxunulmazlıq özü təhlükəyə çevrilənə qədər.
Jeffrey Epstein işi Qərb demokratiyasının özü haqqında yaratdığı hekayəni yerlə-yeksan edən nadir hadisələrdəndir. Bu, təkcə bir cinayət dosyesi deyil. Bu, sistemin özünü açıq şəkildə ifşa etdiyi bir güzgüdür. Ən narahatedici məqam isə budur: söhbət ani bir pozuntudan yox, təxminən otuz il davam edən, hamının bildiyi, amma hamının susduğu bir cinayət mexanizmindən gedir.
Məlum fakt budur ki, Epşteyn bu fəaliyyətə ən gec 1990-cı illərin əvvəlindən başlayıb. Yəni Soyuq müharibədən sonrakı dövrdə, ABŞ-ın özünü “liberal dünya nizamının lideri” elan etdiyi bir mərhələdə. Və bu sistem 2000-ci illəri, 11 sentyabrdan sonrakı təhlükəsizlik isteriyasını, Patriot Act dövrünü, FBR-nin səlahiyyətlərinin genişləndirildiyi mərhələni, kütləvi elektron izləməni, bank əməliyyatlarının tam nəzarət altına alınmasını problemsiz şəkildə keçib. Otuz il. Minlərlə insanın iştirakı. Onlarla qurban. Amma sıfıra yaxın real müdaxilə.
30 il fasiləsiz davam edən bu cinayət müddətində ABŞ-da neçə prezident dəyişib? Yuxarıda vurğuladım. Onların arasında demokrat da olub, respublikaçı da. Bill Clinton (1993–2001) – Demokrat, George W. Bush (2001–2009) – Respublikaçı, Barack Obama (2009–2017) – Demokrat, Donald Trump (2017–2021) – Respublikaçı. Amma onlardan heç biri bu adama toxunmayıb. Hamısı bilib. Hamısı susub.
Bu, necə ola bilər?
Amerikanın göbəyində, Nyu-Yorkda, Floridada, Karib adalarında, minlərlə adamın iştirak etdiyi şəbəkə illərlə 13–16 yaşlı qızları istismar edir, amma nə polis, nə prokurorluq, nə FBR, nə kəşfiyyat ciddi addım atmır. Bu artıq səhlənkarlıq deyil. Bu sistemli toxunulmazlıqdır.
Bu toxunulmazlığın hüquqi siması da var. 2008-ci ildə Epşteynə faktiki olaraq bəraət qazandıran prokurorun adı Alexander Acosta idi. O, Florida ştatında federal prokuror kimi Epşteynlə “gizli razılaşma” bağladı və onu real həbsdən xilas etdi. Bu razılaşma nəticəsində Epşteyn cəmi bir neçə ay “rahat rejimli” həbsxanada qaldı və iş bağlandı. Ən qalmaqallı məqam isə budur: zərərçəkmişlər bu razılaşmadan xəbərdar belə edilmədi.
Daha sonra nə baş verdi?
Alexander Acosta Donald Trump dövründə ABŞ-ın Əmək Naziri oldu. Yəni Epşteyn işində əsas məsuliyyət daşıyan şəxs sistem tərəfindən cəzalandırılmadı, əksinə yüksəldildi. Yalnız 2019-cu ildə Epşteyn işi yenidən açıldıqdan və ictimai təzyiq artdıqdan sonra Acosta istefa verməyə məcbur qaldı. Amma artıq gec idi. Sistem öz adamını qorumuşdu.
Bu faktlar bir şeyi açıq göstərir: Epşteyn işi hüquqi boşluq deyil, siyasi və institusional seçim idi. Qərb demokratiyasının “ikili standartları” məhz burada üzə çıxır. Başqalarına dərs keçən sistem öz içində olanı ört-basdır etdi.
Daha ağır sual isə budur: bəs Amerikanın azad mətbuatı harada idi? Özünü dünyanın vicdanı sayan media niyə bu işi ya görmədi, ya da görüb susdu? Uşaq və qadın hüquqları uğrunda hər gün kampaniya aparan QHT-lər niyə bu dosyenin qapısını açmadı? Cavab sadədir. Problem məlumatın olmaması deyildi. Problem ondan ibarət idi ki, bu iş elitanın içinə gedib çıxırdı.
Epşteynin yenidən həbsi hansı prezidentin dövründə oldu? Obyektiv olmaq üçün bunu da demək lazımdır: Epşteynin həqiqi federal həbsi Trump dövründə baş verdi. Amma Epşteynin ölümü də yenə həmin dövrdə oldu. Yəni sistem onu yaşatmadı.
Bu da göstərir ki, məsələ təkcə prezidentin iradəsi ilə həll olunan problem deyil. Bu, dərin dövlət + elit şəbəkə + reputasiya qoruma instinktidir.
Epşteyn işi göstərdi ki, Qərb demokratiyasında hüquq hər kəs üçün eyni işləmir. Kiçik ölkələrə “demokratiya”, “şəffaflıq”, “hesabatlılıq” dərsi keçən sistem, öz elit təbəqəsinə gələndə susmağı seçir. Media susur, hüquq müdafiəçiləri susur, institutlar susur. Çünki danışmaq risklidir. Çünki danışmaq sistemin özünü ifşa edir.
Bu səbəbdən Epşteyn işi təkcə cinayət işi deyil. Bu, Qərb demokratiyasının güzgüsüdür. O güzgüdə isə idealizm yox, ikili standartlar görünür. Və o güzgüdə görünən mənzərə çoxlarının xoşuna gəlmir...
Elbəyi Həsənli. Sürix
MİA.AZ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.