EN

Dünya üçün “SOS”!

Bu gündən etibarən NEW START-ın müddəti bitir - bəşəriyyət yeni nüvə təhdidləri ilə üz-üzə

İlk dəfə atom silahından istifadə edildiyi İkinci Dünya müharibəsindən sonra bəşəriyyət yenidən nüvə təhdidləri ilə üz-üzə qalıb. Fevralın 5-ı dünya üçün növbəti “SOS” siqnalı çalınan bir gündür. Qlobal təhdid ABŞ ilə Rusiya arasında mövcud olan nüvə silahlarına nəzarət üzrə müqavilənin müddətinin bu gün başa çatması ilə bağlıdır.

Uzun müddət ərzində müqavilənin yenilənməsi ilə bağlı müxtəlif səviyyələrdə müzakirələr aparılsa da, bu, baş vermədi və artıq sabahdan etibarən sənəd qüvvədən düşmüş sayılacaq. Bu isə o anlama gəlir ki, supergüc nüvə dövlətləri olan ABŞ və Rusiya (dünyanın nüvə arsenalının təxminən 90 faizi bu ölkələrin əlində cəmləşib), onların ardınca isə nüvə silahına malik olan digər ölkələr strateji və taktiki nüvə başlıqlarının sayını artırmaqda, onların sınaqlarını keçirməkdə sərbəst olacaqlar. Bunun dünya üçün nə qədər təhlükəli olduğunu, hansı riskləri yaratdığını təsəvvür etmək belə son dərərcə dəhşətlidir.

Dünyada nə qədər nüvə başlığı var?

BMT-nin təşəbbüsü ilə imzalanan “Nüvə Silahının Yayılmaması Haqqında Müqavilə”yə əsasən, nüvə dövlətləri 1967-ci il yanvarın 1-nə qədər nüvə sınaqları keçirən ölkələr hesab olunur. Bu tarixdən sonra sınaq keçirən ölkələrin nüvə dövləti olması qanunsuz elan edilib. Lakin dünya xəritəsinə diqqət yetirdikdə, 1967-ci ildən sonra da nüvə sınağı keçirən ölkələrin, hətta bunu gizli gerçəkləşdirən ölkələrin olduğunu görə bilərik.

Bəhs olunan müqavilə 1970-ci ildə qüvvəyə minib. Bu müqavilənin məqsədi nüvə silahlarının və texnologiyalarının yayılmasının qarşısını almaq, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində beynəlxalq əməkdaşlığı təşviq etmək və tədricən nüvəsizləşməni təmin etməkdir. Hazırda bu müqaviləyə 191 ölkə qoşulub. Beynəlxalq Nüvə Silahlarının Ləğvi Kampaniyasına (“ICAN”) görə, hazırda 9 ölkənin nüvə silahı var: Rusiya, ABŞ, Çin, Fransa, Birləşmiş Krallıq, Pakistan, Hindistan, İsrail və Şimali Koreya.

Stokholm Sülh Tədqiqatları İnstitutunun (SIPRI) 2024-cü il hesabatına əsasən, ayrı-ayrı nüvə dövlətləri öz nüvə arsenalını modernləşdirməyə davam edir, mövcud silahları təkmilləşdirir və yeni sistemlər üzərində işləyirlər. 2025-ci ilin yanvarına olan məlumata görə, dünyada təxminən 12 min 241 nüvə başlığı var. Onlardan 9614-ü hərbi arsenallarda istifadə üçün hazır vəziyyətdədir. Təxminən 3912 başlıq raketlərə və təyyarələrə yerləşdirilib, qalanları mərkəzi anbarlarda saxlanılır. Həmçinin təxminən 2100 başlıq ballistik raketlər də yüksək döyüş hazırlığı vəziyyətindədir. Mövcud nüvə başlığından 5 500-dən çoxunun Rusiyanın,  5 044-nün isə ABŞ-ın arsenalında olduğu bildirilir.

Yenilənməyən New START (START 3) özündə nəyi ehtiva edir?

Nüvə silahından istifadə edilməsi aradan qaldırılması on illər boyunca mümkün olmayan fəsadlar yaradır. Təhlükə nəzərə alınmaqla ən böyük nüvə dövlətləri olan ABŞ və Rusiya arsenallarında olan nüvə silahlarına nəzarət üzrə razılığa gəliblər və öz öhdəliklərini imzaladıqları müqavilələrlə təsbit ediblər. Zamanında iki ölkənin nüvə silahlarına nəzarət üzrə razılığa gəlmələri onların qlobal məsuliyyəti anlamında dəyərləndirilib və təqdir olunub. Bu, nüvə liderlərinin digər nüvə dövlətləri və təhlükəli silaha sahiblənmək istəyən ölkələr üçün ortaya qoyduqları nümunə idi. Yəni əgər nüvə liderləri nüvə başlıqlarının məhdudlaşdırılması ilə bağlı üzərlərinə öhdəlik götürürlərsə, başqa dövlətlər də buna adekvat addımlar atmalıdırlar.

Moskva ilə Vaşinqton arasında nüvə silahlarına nəzarət üzrə birinci saziş 1991-ci ilin 31 iyulunda SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovla ABŞ-ın ovaxtkı prezidenti Corc Buş (ata) arasında imzalanıb. Bundan sonra məlum hadisələr baş verdi və keçmiş ittifaq dövləti tarixə qovuşdu. Lakin nüvə silahlarına nəzarət məsələsi aktuallığını saxlayırdı. SSRİ-nin süqutundan  sonra ölkənin nüvə arsenalı Rusiyanın nəzarətinə keçmişdi. Beləliklə, 1993-cü ilin 3 yanvarında Corc Buş Rusiyanın sabiq  prezidenti Boris Yeltsin ilə oxşar məzmunlu müqaviləni - START 2-ni imzalayıb.

START 2 2010-cu ilə qədər qüvvədə olub. Həmin ildə tərəflər müqavilənin yenilənməsinə ehtiyac yarandığı barədə razılığa gəliblər.  START 3 və yaxud NEW START adlandırılan yeni müqavilə 2010-cu il aprelin 8-də imzalanıb. Bununla da əvvəlki müqavilələr qüvvəsini itirib. Yeni müqavilə 2011-ci ildə qüvvəyə minib və 2021-ci ildə ABŞ prezidenti Co Bayden vəzifəyə gəldikdən sonra daha 5 il müddətinə uzadılıb.

Razılaşmaya əsasən, Moskva və Vaşinqton 1550-dən çox strateji nüvə başlığı və maksimum 700 uzaq mənzilli raket və bombardmançı təyyarə yerləşdirməyi öhdələrinə götürüblər. START ABŞ və Rusiyanı arsenallarını məhdudlaşdırmağa məcbur edir ki, ölkələr həddindən çox qitələrarası ballistik raketlərə, sualtı raketlərə və ağır bombardmançı təyyarələrə, döyüş başlıqlarına malik olmasınlar. Müqavilədə limitlərin keçilməsinə qadağa qoyulub. Sənədlə tərəflərdən hər birinin digər tərəfin strateji nüvə obyektlərində 1 ildə 18-ə qədər yoxlama aparmaq hüququ tanınıb.

Tərəflərin qarşılıqlı inamsızlığı

Həm Rusiya, həm də ABŞ dünyanın 200-dək ölkəsini qısa müddətdə cənginə alan yeni növ koronavirus pandemiyası dövrünədək müqavilə öhdəliklərinə əsasən əməl ediblər. Lakin 2020-ci ildən etibarən strateji nüvə obyektlərində yoxlamaların aparılmasının müntəzəmliyi pozulub - tərəflər əsasən qapanmaları bəhanə gətirməklə təftişə icazə verməyiblər. Sonradan dondurulmuş yoxlamaların yenidən bərpa edilməsinə təşəbbüslər göstərilsə də, danışıqlar baş tutmayıb.

START-3-ə, bununla da qlobal təhlükəsizlik arxitekturasına növbəti zərbəni artıq 4 ildir ki, davam edən Rusiya-Ukrayna müharibəsi vurub.  Uzanan müharibə fonunda ölkələrin nüvə düyməsini basacağı ilə bağlı ehtimallar güclənib. Öz növbəsində Rusiya parlamenti - Dövlət Duması 2023-cü ilin əvvəlində müxtəlif arqumentləri əsas gətirməklə  ölkənin START müqaviləsində iştirakının dayandırılması barədə qanun layihəsini qəbul edib. Bununla belə, rəsmi Moskva bundan əvvəl müqavilə öhdəliklərinə sadiqliyini bildirib və onun müddətinin uzadılması zərurətini gündəmə gətirib. Xatırladaq ki, V.Putin New START müqaviləsinin 1 il müddətinə uzadılması təklifini irəli sürüb. Rusiya rəsmilərinin bu qəbildən olan açıqlamalarında nə qədər səmimi olduqlarını söyləmək isə çətindir.  Çünki dəyişən situasiyalara uyğun fərqli qərarlar verilərək əsaslandırılır.

Vaşinqtona gəldikdə isə, son 1 ildə  Ağ Ev də START-la bağlı birmənalı mövqe ortaya qoymur. Vaşinqtonda administrasiya dəyişikliyindən az sonra Donald Tramp “Truth” sosial şəbəkə hesabında Pentaqona nüvə sınaqlarına dərhal başlamaq barədə göstəriş verdiyini yazıb. D.Trampın sözlərinə görə, ABŞ-ın digər ölkələrdən daha çox nüvə silahı var. O bildirib ki, bu vəziyyət onun ilk prezidentliyi dövründə mövcud nüvə silahlarının tam yenilənməsi və modernləşdirilməsi nəticəsində əldə edilib. “Nəhəng dağıdıcı gücə malik olduğuna görə bunu etmək istəməzdim, amma başqa seçimim yox idi. Rusiya bizdən sonra ikinci, Çin isə üçüncü yerdədir. Bu, hələ 5 il ərzində belə olacaq. Digər ölkələr sınaq proqramları həyata keçirdiyi üçün mən Müdafiə Departamentinə nüvə silahlarımızı bərabər əsaslarla sınaqdan keçirməyə başlamağı tapşırdım. Bu proses dərhal başlayacaq”, - deyə Tramp əlavə edib.

Pentaqonun nüvə sınaqlarına başlayacağını vitse-prezident Cey Di Vens də təsdiqləyib. O Trampın göstərişini “Bəzən onun (nüvə silahının - red.) işlədiyinə, daha doğrusu, düzgün işlədiyinə əmin olmaq üçün onu sınaqdan keçirmək lazımdır” şəklində əsaslanırıb. Lakin vitse-prezident ölkəsinin sınaqlar zamanı nüvə partlayışlarını bərpa etməyi planlaşdırıb-planlaşdırmadığını dəqiqləşdirməyib.

Ağ Evdən gələn siqnal kifayət qədər ciddidir. Cey Di Vensin sözlərindən də aydın olduğu kimi, nüvə arsenalının sınaqlara cəlb edilməsi nüvə düyməsinin basılması üçün son hazırlıq mərhələsi anlamına gəlir. Yəni hər şey starta hazırdır, qalır siyasi rəhbərliyin qərar verməsi və hərbiçilərin onu icra etmələri.

Ağ Evin nüvə doktirinasında həmçinin Çini də START müqaviləsinə  qoşmaq istəyi yer alır. Hazırda Çinin 500-600 aralığında nüvə başlığının olduğu bildirilir. Proqnozlara görə, istehsal tempi bu sürətlə irəliləsə, Çin 2030-cu ilə qədər arsenalını 1500 başlıq səviyyəsinə çatdıra bilər.

Beləliklə, görünən odur ki, qlobal nüvə silahlarına nəzarət mexanizmi ciddi şəkildə çat verib və əslində pozulub.  Nüvə silahlanmasında balansın pozulması isə dünyada əmin-amanlığın pozulması, xoşbəxt və sağlam gələcəyə ümidlərin puça çıxması deməkdir.

Mübariz ABDULLAYEV

Chosen
35
1
yeniazerbaycan.com

2Sources