EN

Qurunun yerinə yaş yandırmaq ... Bir kişinin səhvi, bir qadının cəzası?

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son günlər ictimaiyyətin müzakirə etdiyi hadisələrdən biri Füzuli Rayon İcra Hakimiyyətində baş verən kadr dəyişikliyidir. RİH başçısının müavini, şöbə müdiri Gülbahar Eyvazovanın vəzifədən azad edilməsi rəsmi sənədlərlə təsdiqləndi. Hadisənin detalları isə cəmiyyət üçün daha çox sual doğurdu.

Məsələ ondadır ki, Gülbahar Eyvazovanın işdən çıxması onun şəxsi fəaliyyəti, xidməti nöqsanı və ya peşəkar bacarığı ilə bağlı deyil. Səbəb onun həyat yoldaşı Habil Eyvazovun sərxoş halda sosial şəbəkədə “TikTok” canlı yayımında səsləndirdiyi qeyri-etik ifadələrdir. Yəni bir kişinin davranışı nəticədə bir qadının karyerasına nöqtə qoydu.

Burada əsas sual ortaya çıxır ki, qadın ərinin əməllərinə görə məsuliyyət daşımalıdırmı?

Hüquqi baxımdan cavab birmənalıdır yox. Azərbaycan qanunvericiliyində fərdi məsuliyyət prinsipi var. Hər kəs yalnız öz əməl və davranışına görə cavabdehdir. Yetkin yaşda olan bir şəxsin sosial şəbəkədə etdiyi hərəkətə görə onun həyat yoldaşını cəzalandırmaq nə hüquqa, nə də ədalət anlayışına sığır.

Məsələnin digər tərəfi isə ictimai-siyasi və etik müstəvidir. Bəziləri deyə bilər ki, yüksək vəzifə tutan şəxsin ailə üzvlərinin davranışı da “nümunəvi” olmalıdır. Amma bu yanaşma çox təhlükəli hal yaradır. Bu gün ərinə görə qadın cəzalandırılırsa, sabah ata oğluna, qardaş bacıya görə işdən çıxarılacaqmı?

Ən ağrılı məqam isə budur ki, bu cür hallarda adətən zərbə yenə qadına dəyir. Cəmiyyətdə hələ də kök salmış “ailənin məsuliyyəti qadının üzərindədir” düşüncəsi belə qərarları asanlaşdırır. Kişinin səhvi “bir anlıq zəiflik”, qadının isə “vəzifəyə layiq olmaması” kimi təqdim edilir.

Əgər Gülbahar Eyvazovanın fəaliyyəti ilə bağlı konkret iradlar, sübut olunmuş pozuntular olsaydı, bu, tamam başqa mövzu olardı. Amma ortada yalnız onun nəzarət edə bilmədiyi bir insanın həyat yoldaşının davranışı varsa, bu qərar daha çox simvolik qurban axtarışını xatırladır.

Cəmiyyət olaraq özümüzə dürüst sual verməliyik ki, biz doğrudanmı ədalətli olmaq istəyirik, yoxsa ən asan yolu seçib məsuliyyəti susa bilən tərəfin üzərinə atırıq?

Bir kişinin sərxoş halda açdığı canlı yayım dövlət idarəçiliyində çalışan bir qadının illərlə qurduğu karyeranı yerlə-yeksan edirsə, problem təkcə bir ailədə deyil. Problem düşüncə tərzimizdədir.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
29
bizimyol.info

1Sources