Elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində Gürcüstan, Serbiya və BƏƏ-dən olan həmkarları ilə əməkdaşlığı müzakirə edib.
"Far.Az" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə danışılıb. Tərəflər ali təhsil müəssisələri arasında birgə layihələrin həyata keçirilməsini, tələbə və müəllim mübadiləsinin genişləndirilməsini, eləcə də STEAM sahəsində əməkdaşlığın davam etdirilməsini müzakirə ediblər.
Serbiyanın təhsil naziri Dejan Vuk Stankoviç ilə görüş çərçivəsində də iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
BƏƏ-nin insan resursları və əmirlik naziri, ali təhsil və tədqiqat naziri vəzifəsini icra edən Abdulrahman Al Avar ilə görüş zamanı isə BƏƏ və Azərbaycan arasında ali təhsil və elm sahəsində həyata keçirilməsi nəzərdə tutulan birgə təşəbbüslər və bu sahələrdə əməkdaşlıq üzrə ətraflı müzakirələr aparılıb.