EN

Avropa İttifaqı Ukraynaya 90 milyard avroluq kredit mexanizmini təsdiqləyib

2026–2027-ci illər üçün nəzərdə tutulmuş kreditin 60 milyardı hərbi yardıma, 30 milyardı isə büdcə xərclərinə yönəldiləcək...

Poliqon xəbər verir ki, Avropa İttifaqı uzun və gərgin danışıqlardan sonra Ukraynaya 2026–2027-ci illər üçün 90 milyard avroluq kredit mexanizmini təsdiqləyib. Avropa Şurasının rəsmi saytında yayılan məlumatda bildirilir ki, razılaşmaya əsasən, 60 milyard avro hərbi yardıma, 30 milyard avro isə Ukraynanın büdcə xərclərinə sərf olunacaq.

Kreditin faiz xərclərini Avropa İttifaqı qarşılayacaq. Ukrayna borcu yalnız Rusiya reparasiya ödədikdən sonra qaytaracaq. Maliyyələşmədə Macarıstan, Slovakiya və Çexiya iştirak etməyib, digər 24 üzv dövlət isə vəsait ayıracaq. İlk tranşı Kiyev 2026-cı ilin ikinci rübünün əvvəlində almalıdır.

Fransanın tələb etdiyi əsas şərt silah tədarüklərinin prioritet olaraq Ukrayna və Aİ istehsalçılarından həyata keçirilməsi olub. ABŞ kimi üçüncü ölkələrdən tədarük yalnız xüsusi silahların, məsələn, Patriot Hava Hücumundan Müdafiə sistemlərinin alınması zərurəti olduqda nəzərdə tutulur. Həmçinin Parisin təşəbbüsü ilə proqramda Böyük Britaniya və digər tərəfdaş ölkələrin maliyyə qatqıları müqabilində iştirak imkanları da təsdiqlənib.

Borcun faizsiz verilməsi ilə bağlı qərar 2025-ci ilin dekabrında Aİ liderləri tərəfindən qəbul olunub. Həmin vaxt Rusiya aktivlərinin dondurulmasından maliyyələşmə ideyası rədd edilib və Aİ büdcəsi zəmanəti altında kredit mexanizmi seçilib.

Bu yardım paketi Kiyevə göstərilən ən böyük birgə hərbi-maliyyə proqramı sayılır. Əvvəllər dəstək əsasən ikitərəfli və ya qeyri-hərbi fondlar vasitəsilə həyata keçirilirdi. Hazırda razılaşma Avropa Parlamentində son təsdiq prosedurlarından keçir və yekun təsdiqinin yaxın həftələrdə gözlənildiyi bildirilir.

Poliqon.info

Chosen
15
poliqon.info

1Sources