EN

Qaytarılmayan mallar, verilməyən qəbzlər - Mağazalar qanunu necə POZUR?

Azərbaycanda istehlakçılar aldıqları məhsul xarab çıxdıqda və digər əsaslı səbəb olduqda qanunun tələbinə uyğun olaraq 14 gün ərzində onu geri qaytara və ödədikləri məbləği geri ala bilərlər. Lakin bir çox dükan bu qaydaya əməl etmir, qanuna məhəl qoymur. Məhsulu geri qaytarmağın bir şərti də malı aldığın mağazaya məxsus kassa aparatının qəbzinin olmasıdır.

Bəzi mağazalar isə kassa aparatının qəbzini müştəriyə vermir və bu yolla vergidən yayınır. Üstəlik, qəbzin olmaması aldığı məhsuldan narazı qalan, məhsulu geri qaytarmaq istəyən müştərinin işini daha da çətinləşdirir. Bu halla rastlaşan alıcıların sayı isə həddindən artıq çoxdur.

Bəs hüquqları pozulan istehlakçı bu halla qarşılaşanda nə etməlidir?

Mövzu barədə Bizim.Media-ya danışan vəkil Pərviz Hacıyev belə halların çox olduğunu deyib.

Onun sözlərinə görə, müştərilər təkcə kiçik yox, böyük mağazalarda da aldadılırlar:

“Mülki Məcəllədə bununla bağlı xüsusi maddə nəzərdə tutulub ki, 14 gün ərzində məhsul geri qaytarıla bilər. Belə hallar çox olur, malı satırlar, məhsul keyfiyyətsiz çıxır, vətəndaş 14 gün ərzində aldığı kassa mədaxil qəbzi ilə mağazaya yaxınlaşmalı və geri qaytaılmasını xahiş etməlidir. Onlar da məhsulu geri götürməlidirlər.
 

Azərbaycanda bir çox mağazalar bu tələbə riayət eləmir. Bəzən yalandan elan şəklində 14 gün ərzində məhsulun  qaytarılacağını yazıb vururlar. Lakin buna əməl etmirlər. Bu nəinki balaca mağazalarda, hətta ölkədə tanınan böyük mağazalar şəbəkələrində də mövcuddur. Yəni satanda istehlakçını məhsulda problem olduğu halda qaytara biləcəyi ilə aldadırlar.


Ən çox da məişət avadanlığı satan dükanlarda belə hallar baş verir, məsələn, telefon nasaz çıxır, müştəri onu geri qaytarmaq istədikdə ona qaytarmaq əvəzinə həmin telefonu təmirə göndərirlər. Müştəri də yeni telefonun təmirə göndərilməsi ilə haqlı olaraq razılaşmır. Yəni adam 3-4 min manat verib mobil telefon alırsa və 3-4 gün ərzində o xarab olursa, problemli çıxırsa, müştəri onu geri qaytarmaq istədikdə həmin şirkət, mağaza deyə bilməz ki, bunu təmir edib sizə qaytaracam”.

Hüquqşünas bildirib ki, belə olan halda istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı aidiyyatı qurum var və həmin quruma şikayət olunmalıdır:

“Qanunvericiliyin tələblərinə uyğun olaraq müştəri mülkü iddia qaydasında dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Çox vaxt vətəndaşlar bunu eləməyin marağında olmurlar.
 

Məsələn, bir ayaqqabı üçün iddia ərizəsi yazmaq, məhkəməyə müraciət etmək, yol xərci və vaxta görə bundan imtina edirlər. Amma təbii ki, qanunvericiliyə uyğun olaraq iddia ərizəsi ilə müraciət edə bilər və dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilərlər. Əgər bu sistematik hal daşıyırsa, hüquq-mühafizə orqanlarına da müraciət etmək olar.


Yəni kütləvi şəkildə istehlakçılar aldadılırsa, zay məhsul satılırsa və 14 gün ərzində geri götürülmürsə, demək ki, burada hansısa cinayət əməlləri də ola bilər. Amma bu o zaman ola bilər k, burada kütləvilik olsun. Mağaza harada yerləşirsə, həmin ərazi üzrə polis orqanlarına müraciət edə bilərlər”.

Günay Şahmar, Bizim.Media

Chosen
36
1
bizim.media

2Sources