EN

Dmitriyev Tuskun Epşteynlə bağlı iddialarına cavab verib

Putinin Ukrayna üzrə nümayəndəsi Kirill Dmitriyev Polşa baş nazirinin Rusiya ilə bağlı ittihamlarını istehza ilə şərh edib...

Poliqon xəbər verir ki, Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RFİF) rəhbəri Kirill Dmitriyev Polşa baş naziri Donald Tuskun Rusiyanın amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri barədə səsləndirdiyi iddialara münasibət bildirib. Dmitriyev sosial şəbəkə X-dəki paylaşımında Tuskun açıqlamalarını ironik tərzdə şərh edib.

“Rusiyada araşdırmaya başlanmalıdır ki, Polşanın baş naziri Tusk Epşteynin gizli qardaşıdır, yoxsa oğludur”, deyə Dmitriyev Tuskun Epşteynlə zahiri oxşarlığına diqqət çəkərək yazıb. Bu sözlərlə o, Donald Tuskun Epşteynin Rusiya kəşfiyyatı ilə əlaqəli ola biləcəyi barədə iddiasına cavab verib.

Qeyd edək ki, fevralın 3-də Donald Tusk Polşada Epşteynin fəaliyyətinin Rusiya tərəfindən təşkil oluna biləcəyi ilə bağlı şübhələrin artdığını deyib. O, Polşa hakimiyyətinin Epşteyn işi və Rusiyanın potensial rolu ilə bağlı araşdırma aparmaq üçün beynəlxalq tərəfdaşlara müraciət edə biləcəyini də istisna etməyib.

Xatırladaq ki, yanvarın sonunda ABŞ Ədliyyə Nazirliyi Ceffri Epşteyn işi üzrə 3 milyondan çox səhifəlik materialı ictimailəşdirib. Sənədlər paketinə iki mindən artıq video və 180 mindən çox görüntü daxildir. Nazirliyin məlumatına görə, Epşteynə məxsus cihazlarda böyük həcmdə kommersiya pornoqrafiyası aşkar edilib.

Epşteyn azyaşlıların cinsi istismarı və seks-ticarəti ittihamları ilə beynəlxalq qalmaqalın mərkəzində olub və o, həbsxanada intihar edib.

Poliqon.info

Chosen
44
poliqon.info

1Sources