EN

Washington Post-un redaksiya heyətinin üçdə biri ixtisar edilib

​​​"The Washington Post" qəzeti işçi qüvvəsinin təxminən üçdə birini əhatə edən kütləvi ixtisarlar həyata keçirdiyini elan edib.

Baş redaktor Mett Murrey bu addımı qəzetin maliyyə sabitliyini qorumaq üçün "strateji yenilənmə" adlandırıb. Yenidənqurma çərçivəsində qəzetin onilliklərdir fəaliyyət göstərən nüfuzlu idman şöbəsi ləğv olunub, kitab bölməsi isə tamamilə bağlanıb.

Murrey çərşənbə günü keçirdiyi iclasda bildirib ki, ixtisarlar redaksiyanın demək olar ki, bütün şöbələrinə təsir edib.

Yalnız siyasət və hökumət şöbələri qəzetin əsas inkişaf sahəsi kimi saxlanılıb.

Bundan əlavə, qəzetin beynəlxalq büroları, o cümlədən Qahirə və Kiyev ofisləri bağlanıb, flaqman podkastı olan "Post Reports"un yayımı isə dayandırılıb.

Ceff Bezosun sahib olduğu nəşrin bu qərarı son illərdəki 100 milyon dollardan çox maliyyə itkiləri fonunda qəbul edilib.

Media ekspertləri bunu süni intellektin artan rolu və dəyişən oxucu vərdişləri ilə mübarizə aparan ənənəvi medianın ən böyük böhranlarından biri kimi qiymətləndirirlər.

Qəzetin işçi birliyi (Guild) bu addımı kəskin tənqid edərək, redaksiya heyətinin bu dərəcədə kiçildilməsinin qəzetin etibarlılığına və missiyasına ciddi zərbə vuracağını bəyan edib.

N.Təbrizli

Chosen
21
anews.az

1Sources