Siqaret çəkmək, həddindən artıq spirtli içki istehlakı və spesifik infeksiyalar kimi əsas risklərin aradan qaldırılması xərçənglə bağlı qlobal ölüm statistikasını kəskin şəkildə dəyişə bilər.
Bu nəticəyə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) aparıcı mütəxəssisləri gəliblər.
Tədqiqatın nəticələri "Nature Medicine" jurnalında dərc olunub.
ÜST-ün Beynəlxalq Xərçəng Tədqiqatları Agentliyinin (IARC) mütəxəssislərinin də daxil olduğu beynəlxalq alimlər qrupu tərəfindən aparılan təhlilə görə, 2022-ci ildə qoyulan bütün yeni xərçəng diaqnozlarının 38%-i qarşısı alına bilən xəstəliklər olub. Tədqiqatçılar 30 müxtəlif risk faktorunun təsirini qiymətləndiriblər.
Tütün bu siyahıda açıq-aşkar lider olaraq qalır və dünya miqyasında bütün yeni xərçəng hallarının 15%-ni təşkil edir. Hüceyrə mutasiyalarına səbəb olan yoluxucu agentlər (10%) ikinci yerdədir, bədən üçün toksikliyi çox vaxt qiymətləndirilməyən alkoqol (3%) isə ilk üçlüyü tamamlayır.
Qarşısı alına bilən bütün halların demək olar ki, yarısı ağciyər, mədə və servikal xərçəngləri ilə bağlı olub.
Oxu.Az