EN

Donald Trampa sui-qəsddə təqsirli bilinən şəxs ömürlük həbs edildi

Donald Trampa sui-qəsddə təqsirli bilinən şəxs ömürlük həbs edildi

Florida ştatının Cənub Dairəsi üzrə Federal Məhkəməsi 2024-cü il seçki kampaniyası zamanı Donald Trampa sui-qəsd cəhdində təqsirli bilinən Rayan Uesli Rut barəsində hökm çıxarıb.

AFN.az xəbər verir ki, məhkəmə Rutu ömürlük həbs cəzasına məhkum edib.

"Fox News"un məlumatına görə, məhkəmə ömürlük cəzanın üzərinə əlavə olaraq daha yeddi il həbs müddəti də əlavə edib. 2025-ci ilin sentyabrında Rut beş maddə üzrə, o cümlədən prezidentliyə namizədə sui-qəsd cəhdi, federal məmura hücum, qanunsuz silah və sursat saxlamaqda təqsirli bilinmişdi. Təqsirləndirilən şəxs öz günahını etiraf etməyib.

İstintaqın rəyinə görə, Rutun sui-qəsd cəhdi qəfil baş verməyib və ən azı altı ay əvvəldən hazırlanıb. Məlum olub ki, o, sui-qəsddən bir ay əvvəl Ukraynada raket qurğusu almağa cəhd göstərib, həmçinin 2022-ci ildən sonra bir neçə dəfə Ukraynaya səfər edərək hərbçilərlə əlaqə saxlayıb.

Xatırladaq ki, hadisə 15 sentyabr 2024-cü ildə Floridada, "Trump International Golf Club"da baş verib. Tramp qolf oynayarkən MKİ agentləri kolluqda gizlənən silahlı şəxsi aşkar ediblər. Hadisə yerində optik nişangahlı AK-47 avtomatı, keramika plitələri olan iki kürək çantası və video-kamera tapılıb.

Bu, Trampa qarşı 2024-cü ildəki ikinci sui-qəsd cəhdi idi. İlk hadisə iyulun 13-də Pensilvaniyada baş vermiş, Tramp qulağından yüngül yaralanmış, atəş açan Tomas Mettü Kruks isə yerindəcə məhv edilmişdi.

Chosen
15
afn.az

1Sources