“Hər əyri bel skoliozdur?” sualı yəqin ki, sizi də düşündürür. Belə görünsə də, hər bel əyriliyi skolioz hesab olunmur. Bu anlayışlar tez-tez qarışdırılır və nəticədə insanlar ya lazımsız qorxu yaşayır, ya da əksinə – ciddi problemi yüngül sayırlar.
Ölkə.Az xəbər verir ki, bu barədə fizioterapevt Nuriyyə Əlibəyli deyib. O, məsələni aydınlaşdırmaq üçün aradakı fərqi izah edib:
“Skolioz nədir?
Skolioz onurğanın yanlara doğru davamlı və struktur dəyişikliklərlə müşayiət olunan əyriliyidir. Bu zaman təkcə kənardan görünən əyrilik olmur, eyni zamanda fəqərələrin fırlanması da baş verir. Skolioz yalnız baxışla yox, əsasən rentgen müayinəsi ilə təsdiqlənir.
Bəs skolioz olmayan əyriliklər hansılardır?
Çox zaman beldə görünən əyriliklər, düzgün olmayan duruş, uzun müddət əyri oturma, əzələ zəifliyi və ya balanssızlığı, bir tərəfli yük daşınması, ayaq uzunluğunda fərqlə bağlı olur.
Bu tip əyriliklərə “postural (duruş) əyrilik” deyilir və adətən uzananda və ya duruş düzəldiləndə azalır.
Əsas fərq nədir?
Postural əyrilik məşq, düzgün duruş və həyat tərzi dəyişiklikləri ilə düzələ bilər. Skolioz – nəzarət tələb edən, zamanla arta bilən bir vəziyyətdir”.
N.Əlibəyli nə vaxt mütləq mütəxəssisə müraciət etmək lazım olduğunu da söyləyib.
“Əyrilik getdikcə artırsa, çiyinlər və ya ombalar eyni səviyyədə deyilsə, bel, kürək və ya boyun ağrıları varsa, uşaqlarda sürətli boy artımı dövründə dəyişiklik müşahidə olunursa, mütəxəssisə görünmək lazımdır.
Doğru diaqnoz olmadan doğru müalicə mümkün deyil. Əyri bel gördükdə tələsik nəticə çıxarmayın, amma laqeyd də qalmayın”.
Billurə