EN

Bulvarda vergi yoxlamaları zamanı ikili yanaşmalara yol verilib - MƏHKƏMƏ

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsində Dənizkənarı Bulvar İdarəsində vergi yoxlamaları aparmış İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Niyaməddin Tanrıverdiyev ötən prosesdə olduğu kimi sualları cavablandırıb.

AzNews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində prosesə sədrlik edən hakim Leyla Əsgərova-Məmmədova və təqsirləndirlən İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli nümayəndəyə suallar ünvanlayıb.

Vəkil İsmayıl Kəngərli Niyaməddin Tanrıverdiyevdən onun və ekspertin bulvarda olan obyektlərə vergi hesablamaları zamanı qiymətlər arasındakı fərqlər barədə yenidən suallar verib.

Niyaməddin Tanrıverdiyev deyib ki, bulvarda olan bəzi obyektlər Dənizkənarı Bulvar İdarəsinin balansında deyil, bəzi obyektlərin isə idarənin balansında olub-olmaması ilə bağlı məlumat olmayıb. Nümayəndə bildirib ki, ekspert həmin obyektlərə qiymət qoysa da, o, özəl əmlaklara vergi ilə bağlı qiymət hesablamayıb.

Vəkil İsmayıl Kəngərli deyib ki, vergi yoxlamaları zamanı ikili yanaşmalara yol verilib. Onun sözlərinə görə, bəzi restoranlara vergi hesablanıb, lakin digərləri hesablanmayıb.

Həmçinin vəkil İsmayıl Kəngərli Dənizkənarı Bulvar İdarəsinə aid olan 16 obyektə ekspert qiymət hesablamadığı halda, vergi yoxlayıcısının qiymət müəyyən etdiyini söyləyib.

Nümayəndə bu məsələni ekspertdən soruşmağı təklif edib.

Proses zamanı digər mübahisəli məsələ isə vergi yoxlamaları zamanı obyektlərə mövsümü aylarda daha az, ilin adi aylarında isə daha çox qiymət hesablanması olub.

Vəkil İsmayıl Kəngərli deyib ki, vergi yoxlamaları zamanı bulvarda səyahət qatarına ilin qış aylarında daha çox, lakin yay aylarında, yəni insanların bulvara daha çox üz tutduqları vaxtlar daha az pul hesablanıb.

Nümayəndə Niyaməddin Tanrıverdiyev bunu icarədarların fərqli olması ilə əsaslandırıb.

Bu obyektlərin fəaliyyətdə olduğu ayları müəyyən etmək üçün Hakim Leyla Əsgərova-Məmmədova da təqsirləndirilən İlqar Mustafayevdən sözügedən obyektlərlə bağlanan müqavilələrin mövsümü və ya daimi olduğunu soruşub.

Chosen
23
7
aznews.az

8Sources