04 fevral 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı rayonunun Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğın hadisəsi ilə əlaqədar təhsil müəssisəsində olmuş, hadisənin başvermə səbəbləri və mövcud vəziyyətlə yerində tanış olmuşdur.
Verilmiş məlumata əsasən, məktəbin direktor otağında, təxminən 16 kvadratmetr sahəni əhatə edən hissədə elektrik naqillərində yaranmış texniki nasazlıq nəticəsində yanğın hadisəsi qeydə alınmışdır. Hadisə zamanı xəsarət alan olmamışdır. Əraziyə operativ şəkildə cəlb olunan yanğınsöndürmə briqadaları tərəfindən alov qısa müddətdə lokallaşdırılaraq tam söndürülmüşdür.
Hadisə yerinə baxış zamanı rayon rəhbəri təhsil müəssisəsində yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, elektrik şəbəkəsinin texniki vəziyyətinin yenidən qiymətləndirilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması və gələcəkdə oxşar halların baş verməməsi məqsədilə profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı aidiyyəti qurumların nümayəndələrinə müvafiq tapşırıqlar vermişdir.