EN

Ermənilərin məhkəməsi uzun illər işğal və soyqırımı yaşamış xalqın ədalət gözləntisinin reallaşmasıdır - RƏY

Ermənilərin məhkəməsi uzun illər işğal, etnik təmizləmə, soyqırımı və dağıntılar yaşamış bir xalqın tarixi ədalət gözləntisinin reallaşmasıdır.

Bunu "Report"a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

Onun fikrincə, Azərbaycan həm ərazi bütövlüyünü və tam suverenliyini bərpa etməklə, həm də müharibə cinayətlərində ittiham olunan şəxsləri məhkəmə qarşısına çıxarmaqla dövlət olaraq öz vətəndaşları qarşısında məsuliyyətini yerinə yetirdiyini nümayiş etdirdi:

"Prezident İlham Əliyevin uzun illər ərzində səsləndirdiyi prinsipial mövqe bu gün real hüquqi nəticə ilə müşayiət olunur. Hələ müharibədən əvvəl dövlət başçısı Xocalı soyqırımı və digər ağır cinayətləri törədən şəxslərin gec-tez ədalət mühakiməsi qarşısına çıxarılacağını, günahsız qurbanların qanının yerdə qalmayacağını qətiyyətlə bildirmişdi. Bu məhkəmə prosesi həmin siyasi iradənin və verilən sözün əməli təsdiqi kimi çıxış edir.

Ekspert bildirib ki, məhkəmə prosesində səsləndirilən faktlar, təqdim olunan sübutlar və təqsirləndirilən şəxslərin öz ifadələri uzun illər Ermənistan tərəfindən inkar edilən həqiqətləri bir daha üzə çıxarıb:

"Aydın oldu ki, Qarabağda fəaliyyət göstərmiş qondarma rejimin silahlı qüvvələri birbaşa Ermənistan ordusunun tərkib hissəsi kimi fəaliyyət göstərib. Yüksək vəzifələrə təyinatların İrəvanda təsdiqlənməsi, təminat işlərinin Ermənistan ordusu çərçivəsində təşkil edilməsi bu bağlılığı faktlarla sübut etdi".

Ü.Zülfüqarın sözlərinə görə, açıq keçirilən məhkəmə prosesində nümayiş etdirilən kadrlar və səsləndirilən etiraflar da həqiqətin təsdiqidir:

"Təqsirləndirilən şəxslərin hərbi xidmət keçməsi, işğal əməliyyatlarında iştirakı və həmin dövrün hadisələri ilə bağlı konkret faktların təqdim olunması münaqişə dövründə Ermənistanın işğal siyasətinin birbaşa dövlət səviyyəsində idarə olunduğunu göstərdi.

Bu məhkəmə, eyni zamanda, münaqişələrin ədalətli həlli modelinə dair mühüm nümunə yaradır. Dünyada çoxsaylı münaqişələr və müharibələr başa çatsa da, dinc əhalinin qətliamında, şəhərlərin dağıdılmasında əli olan şəxslər çox vaxt məsuliyyətdən kənarda qalır. Bu isə münaqişələrin natamam həlli deməkdir.

Azərbaycan isə göstərdi ki, müharibədən sonrakı mərhələdə hüquqi ədalətin təmin olunması sülhün daha möhkəm əsaslara söykənməsinə xidmət edir".

Şərhçi hesab edir ki, sözügedən prosesin mühüm tərəflərindən biri də işğal dövründə törədilmiş cinayətlərin - soyqırımı, urbisid, ekosid və genişmiqyaslı dağıntıların faktlarla təqdim olunmasıdır:

"Zərərçəkmişlərin ifadələri, sənədlər və faktlar Ermənistanın işğalçı silahlı qüvvələrinin bu cinayətlərdə məsuliyyət daşıdığını açıq şəkildə nümayiş etdirdi. Bakıda keçirilən bu məhkəmə prosesi gələcək üçün də mühüm mesajdır.

Azərbaycan həm torpaqlarını işğaldan azad etdi, həm də həmin torpaqlarda törədilmiş cinayətlərin hüquqi qiymətinin verilməsi üçün fəaliyyətə keçdi. Bu isə müasir tarixdə ədalətin təntənəsinin mühüm nümunəsidir".

Chosen
45
far.az

1Sources