Bakı, 4 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) imtahan nəzarətçiləri bazasının 81 faizi riyaziyyat, ingilis dili, kimya, coğrafiya, biologiya, fizika, tarix, ibtidai sinif müəllimliyi və pedaqoji profilli olmayan digər ixtisaslara malik mütəxəssislərdən ibarətdir.
AZƏRTAC xəbər verir ki, bunu DİM-in Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov imtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə dair keçirilən tədbirdə deyib.
Şöbə müdiri bildirib ki, cari ilin nəzarətçi bazasına 2022-ci, 2023-cü və 2024-cü illərlə müqayisədə baxıldıqda dinamika müxtəlif istiqamətlərdə dəyişib: “İbtidai sinif müəllimliyi, tarix və ingilis dili ixtisasları üzrə nəzarətçi sayı azalıb. Coğrafiya, kimya, ana dili və ədəbiyyat, idman, texnologiya, rus dili və ədəbiyyatı, habelə digər xarici dillər üzrə isə sayı sabit qalıb.
Eyni zamanda riyaziyyat, musiqi, rəsm, psixologiya və pedaqoji profilli olmayan digər ixtisaslar üzrə nəzarətçi sayı artıb. Fizika və biologiya ixtisasları üzrə əvvəlki illərdə sabitlik müşahidə olunsa da, cari ildə azalma qeydə alınıb”.