EN

İran gərginlik içində, Moskva ehtiyatlı davranır: səbəb nədir?

İran ətrafında hərbi-siyasi gərginliyin artdığı bir vaxtda Moskvanın verdiyi mesajlar Rusiya–İran strateji tərəfdaşlığının real mahiyyətini yenidən gündəmə gətirir. Böhran anlarında müttəfiqlərin bir-birinə hansı səviyyədə və hansı formatda dəstək verdiyi isə bu münasibətlərin kağız üzərində deyil, praktikada nə dərəcədə işlək olduğunu göstərən əsas göstəricilərdən biridir.

Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, hazırda Rusiya–İran münasibətləri Rusiyanın öz planlarına müəyyən qədər uyğun gəlsə də, müşahidələr göstərir ki, bu mövqe İranı yüksək dərəcədə təmin etmir:

“Rusiyanın indiki mövqeyi İranla bağlı siyasi-diplomatik etirazlarla məhdudlaşır və hələlik bu çərçivədən kənara çıxmır. Əgər söhbət İranın hazırda üzləşdiyi hərbi-siyasi təhdidlər fonunda onun müdafiəsindən gedirsə, bu zaman real və konkret addımların atılmasına dair niyyətin açıq şəkildə ortaya qoyulması vacibdir. Demək istəmirəm ki, indiki mərhələdə İrana dərhal ən müasir silahlar, texnika və ya kosmik avadanlıqlar verilməlidir. Lakin müharibə ehtimalı yaranacağı təqdirdə Rusiya müttəfiqlik öhdəliklərinə sadiq qalaraq zəruri addımları atmağa hazır olduğunu açıq və ya dolayı mesajlarla göstərməlidir. Hazırda biz bunu müşahidə etmirik”.

Aydın Quliyevin fikrincə, Rusiyanın mövcud mövqeyi onun öz maraqlarına uyğun ola bilər, lakin bu mövqe İranın gözləntilərinə tam cavab vermir və Tehran bunu yetərli hesab etmir. Məhz bu səbəbdən Rusiya–İran münasibətləri hazırda öz tarixi ərzində ciddi sınaq mərhələlərindən birini yaşayır.

//Gülnarə Abasova, Editor.az

Chosen
57
editor.az

1Sources