EN

ƏSA Teatrının aktyoru: Hər bir gənc uğur qazana bilər

Bakı, 4 fevral, AZƏRTAC

Mən həmişə çıxış edərkən auditoriyada neçə nəfərin olduğuna baxmıram. Bir nəfər mənim çıxışımdan özü üçün nəsə götürürsə, bu mənim üçün böyük qazancdır. Məndən sonra çıxış edənlər də öz sahələrində uğur qazanan insanlardır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ƏSA Teatrının aktyoru, əlilliyi olan jurnalist Orxan Əliyev səsləndirib.

Əlilliyi olan gənclər üçün motivasiya platforması - "GəncTALKS"-da çıxışına toxunan gənc bildirib ki, uğur əngəl tanımır:”Tək əlilliyi olan deyil, hər bir gənc istəsə, istənilən sahədə uğur qazana bilər, yetər ki, istəyi olsun. Bu çıxışımla o mesajı ötürmək istəyirdim ki, insan istədiyi zaman mütləq uğur qazanacaq. Təbii ki, çətinliklər olacaq. Çətinliklər insanı kamilləşdirir. İsmarıcım o idi ki, heç vaxt ruhdan düşməsinlər və seçdikləri sahə üzrə inkişaf etsinlər”.

Uğur hekayəsində aktyorluq peşəsinin təsirindən danışan əlilliyi olan gəncin sözlərinə görə, bu sahədəki fəaliyyəti ona ilham verib: “ Televiziyada gördüyüm böyük sənətkarlarla bir səhnəni bölüşmək, onlarla işləmək böyük motivasiyadır. Həmin sənətkarlarla birlikdə işləmək, çıxış etmək möhtəşəm hissdir. Özümə aktyor demirəm, həvəskar kimi bu peşəni jurnalistika ilə birlikdə davam etdirirəm”.

Xatırladaq ki, bu gün beynəlxalq “TEDx” formatında keçirilən "GəncTALKS" tədbirində müxtəlif sahələrdə uğur qazanmış əlilliyi olan şəxslər həyat və uğur hekayələrini bölüşərək gənclərə ilham, güvən və yeni baxış bucağı qazandırıblar.

Chosen
30
1
azertag.az

2Sources