Özbəkistan Dövlət Dünya Dilləri Universitetində Azərbaycan dili ikinci əsas tədris dili olub.
Aznews.az xəbər verir ki, bu barədə ali məktəbin rektoru İlhomcon Tuxtasinov bildirib.
Onun sözlərinə görə, bu, universitet üçün vacib və bir çox cəhətdən tarixi hadisədir.
"Biz Azərbaycan dilini ikinci xarici dil kimi tətbiq etdik. Bundan başqa, universitetimizdə Azərbaycandan olan dörd mütəxəssis artıq uğurla peşəkar fəaliyyət göstərir", - rektor qeyd edib.
Tuxtasinov xatırladıb ki, 2025-ci ilin dekabrında universitetdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb. Bu hadisə Özbəkistanla Azərbaycan arasında humanitar əməkdaşlığın genişləndirilməsində mühüm addım olub.
Rektor vurğulayıb ki, universitet rəhbərliyi Azərbaycan dili, mədəniyyəti və ədəbiyyatının öyrənilməsi üçün əlverişli mühit yaratmaq niyyətindədir. Onun sözlərinə görə, tələbələr xarici dillərə, o cümlədən türk, Azərbaycan və ingilis dillərinə böyük maraq göstərirlər.