Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə videokonfrans formatında görüş keçirib.
APA-nın Moskva bürosu xəbər verir ki, Putin Rusiya-Çin münasibətləri üçün ilin istənilən vaxtının yaz olduğunu bildirib.
O, Rusiya-Çin əməkdaşlığını nümunəvi adlandırıb: “Rusiya və Çin arasında ticarət dövriyyəsinin həcmi ardıcıl olaraq 200 milyard dolları ötüb. Moskva və Pekin arasında xarici siyasət əlaqələri dünyada mühüm sabitləşdirici amil olaraq qalır. Əminəm ki, beynəlxalq vəziyyətdən asılı olmayaraq Rusiya-Çin əlaqələri güclənir və inkişaf edir”.
Putin Rusiyanın Çinə enerji resurslarının aparıcı ixracatçısı olaraq qaldığını da qeyd edib.
Si Cinpin isə Rusiya və Çinin beynəlxalq ədaləti qorumaq əzmini nümayiş etdirdiyini vurğulayıb. O əlavə edib ki, Çin-Rusiya münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur: “Çin və Rusiya arasında ticarət, mədəni və humanitar əlaqələr uğurla və dinamik şəkildə inkişaf edir. İki ölkə strateji qarşılıqlı əlaqələrini daim dərinləşdirməlidirlər”.