CNN nəşrinin araşdırması Rusiya agentlərinin afrikalıları necə məcburi yolla Ukraynada döyüşmək üçün cəlb etmələri ilə bağlı yeni detalları ortaya çıxarıb.
Herbiand.az bildirir ki, nəşrin jurnalistləri rusların taktikalarını, o cümlədən afrikalı iş axtaranlara cazibədar vədləri aşkar ediblər. Reallıqda isə onlar Ukraynada cəbhə xəttində rus ordusunun bir hissəsi kimi hərbi xidmətə məcbur edilirlər.
CNN mesajlaşma mətnləri, hərbi müqavilələr, vizalar, aviabiletlər və otel rezervasiyaları ilə bağlı yüzlərlə məlumatı nəzərdən keçirib. Həmçinin, Rusiyanın öz sıralarını artırmaq üçün afrikalı kişiləri necə cəlb etdiyini anlamaq üçün Ukraynadakı afrikalı muzdlulardan birbaşa məlumat toplayıb.
Nəşr qeyd edib ki, Botsvana, Uqanda, Cənubi Afrika və Keniya da daxil olmaqla bir sıra Afrika hökumətləri problemin miqyasını etiraf ediblər. Yerli media orqanları hətta bu ölkələrin vətəndaşlarının Rusiya muzdlularına çevrilmək və Ukraynaya qarşı döyüşmək üçün necə aldadıldığı barədə ətraflı məlumat veriblər. Afrikalı rəsmilər həmçinin, vətəndaşlarının muzdlu fəaliyyətlərə qarşı xəbərdarlıq ediblər.
CNN hələ də Ukraynada olan 12 afrikalı döyüşçü ilə danışıb. Qana, Nigeriya, Keniya və Uqandadan olan şəxslər onlara sürücü və ya mühafizəçi kimi mülki işlər təklif olunduğunu bildiriblər.
Onların əksəriyyəti söyləyib ki, 13.000 dollarlıq imza bonusu, aylıq 3500 dollara qədər maaş və xidmətlərini başa vurduqdan sonra Rusiya vətəndaşlığı kimi vədlər verilib. Lakin onların sözlərinə görə, Rusiyaya gəldikdən sonra zorla orduya cəlb ediliblər və cəbhə xəttinə göndərilməzdən əvvəl demək olar ki, heç bir təlim keçməyiblər. Onlar iddia ediblər ki, hərbi müqavilələri vəkil və ya tərcüməçi olmadan rus dilində imzalamağa məcbur ediliblər. Bəzilərinin pasportları əllərindən alınıb ki, bu da qaçışı qeyri-mümkün edib.
Anonimlik şərti ilə CNN-ə açıqlama verən bir afrikalı muzdlu bildirib ki, cəbhə xəttində olduğu zaman rus əsgəri onu silah gücü ilə bank kartını və PIN kodunu verməyə məcbur edib: “Yoxlayan zaman məlum olub ki, kartımdan təxminən 15.000 dollar bonus çıxarılıb və hesabım boş qalıb. Mən artıq 7 aydır ki, buradayam və mənə bir qəpik də pul ödənilməyib. Onların hamısı yoxlayacaqlarına söz verirlər, amma heç nə olmur”.
Muzdlu döyüşçü göz yaşları içində əlavə edib ki, onunla birlikdə Rusiyaya gələn 4 afrikalı artıq öldürülüb.
Bəxtiyar CƏFƏRLİ