EN

Türkiyənin səmada YENİ GÜCÜ - HÜRJET

Türkiyənin ilk reaktiv mühərrikli təlim təyyarəsi HÜRJET-in İspaniyaya ixracı ilə beynəlxalq bazarlara çıxışı təmin olunub, eyni zamanda, digər ölkələrlə də danışıqlar aparılır. İspaniyanın nüfuzlu aviasiya nəşri “Avion Revue” 2028-ci ildən etibarən ölkədə istismar olunan F-5 (AE.09) təyyarələrinin yerini alacaq HÜRJET-i üz qabığında təqdim edib.

Türkiyə Aviasiya və Kosmos Sənayesinin (TUSAŞ) baş direktoru Mehmet Demiroğlu jurnal üçün verdiyi açıqlamada bildirib ki, “HÜRJET sadəcə təlim təyyarəsi deyil, ondan qat-qat artıq imkanlara malik platformadır. Yüksək performans və qabaqcıl sistem inteqrasiyası prinsipləri əsasında hazırlanmış bu layihə Türkiyənin müasir hərbi hava qüvvələri baxışını əks etdirir”.

“İspaniya niyə məhz HÜRJET-i seçdi?” sualına cavabında M.Demiroğlu qeyd edib ki, bir çox təlim təyyarəsi müvəqqəti dizayn yanaşmaları ilə hazırlanıb: “HÜRJET isə ilk gündən etibarən beşinci və altıncı nəsil əməliyyat konsepsiyaları ilə uyğun şəkildə layihələndirilib. Supersonik quruluşu, açıq sistem arxitekturası, aşağı istismar xərcləri və müasir rəqəmsal kabinəsi ilə öz sinfində ən qabaqcıl platformalardan biri kimi fərqlənir. İspaniyanın seçimi təkcə mövcud ehtiyaca cavab deyil, həm də hava qüvvələrinin gələcək inkişafına yönəlmiş strateji qərardır. HÜRJET pilotların yeni nəsil döyüş təyyarələrinə problemsiz keçidini təmin etməklə yanaşı, səmərəli və texnoloji baxımdan uyğun təlim imkanı yaradır”.

Baş direktor əlavə edib ki, bir neçə ölkə və potensial tərəfdaşla danışıqlar davam edir. Onun sözlərinə görə, İspaniyanın qərarı yeni beynəlxalq əməkdaşlıqlar üçün güclü istinad nöqtəsi olacaq və HÜRJET-in qlobal yolçuluğu hələ indi başlayır.

Orxan Vahidoğlu, “İki sahil”

Chosen
14
2
ikisahil.az

3Sources