Azərbaycanda “m10” elektron cüzdan tətbiqinin işində texniki problemlər müşahidə olunub. Bir neçə gün ərzində istifadəçilərin tətbiqə girişində çətinliklər yaranıb. Sosial şəbəkələrdə istifadəçilər texniki fasilə ilə bağlı əvvəlcədən xəbərdarlıq edilməməsindən narazılıqlarını bildiriblər.Metbuat.az xəbər verir ki, yaranmış vəziyyətlə bağlı Kredit.az-ın sorğusuna cavab olaraq m10-dan bildirilib ki, platforma istifadəçilərin vəsaitlərinin təhlükəsizliyini, əməliyyatların şəffaflığını və sistemin sabitliyini daim prioritet hesab edir. Qeyd olunub ki, m10 stabil və etibarlı xidmət göstərməyə, əməliyyatların təhlükəsizliyini qorumağa və məlumatların tam məxfiliyini təmin etməyə yönəlib. Açıqlamada bildirilib ki, 3 fevral tarixində m10 platformasında xarici mənşəli merchant-lardan bəzi istifadəçi hesablarına müəyyən məbləğlərdə vəsaitin daxil olması qeydə alınıb. Təhlükəsizlik və tənzimləyici tələblərə uyğun olaraq, sözügedən hesablar müvəqqəti olaraq dondurulub.Hazırda məsələ m10-un müvafiq komandaları tərəfindən daxili prosedurlara uyğun şəkildə araşdırılıb. Araşdırmanın nəticələrinə əsasən zəruri tədbirlərin görüldüyü bildirilib.Qeyd edilib ki, sözügedən səbəbdən tətbiqin fəaliyyətində müvəqqəti fasilə yaranmışdı, lakin hazırda m10-da bütün əməliyyatlar tam bərpa olunub.Şirkət yaranmış narahatlığa görə istifadəçilərdən üzr istəyib, göstərilən anlayış və etimada görə təşəkkür edib və bildirib ki, istifadəçilərin vəsaitlərinin təhlükəsizliyi, əməliyyatların şəffaflığı və platformanın sabitliyi bundan sonra da əsas prioritet olaraq qorunacaq.