EN

İqtisadi və diplomatik əməkdaşlığın yeni mərhələsi

"Azərbaycanın xarici siyasət kursunda müsəlman ölkələri ilə əlaqələrin inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Ölkəmiz hər zaman İslam dünyası ilə əməkdaşlığın gücləndirilməsinə töhfə vermiş, qarşılıqlı anlaşma və birlik mövqeyindən çıxış etmişdir. Təsadüfi deyil ki, Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında formalaşmış münasibətlər qarşılıqlı hörmətə və konstruktiv dialoqa əsaslanır. Mövcud  mədəni və mənəvi yaxınlıq bu əməkdaşlığın dərinləşməsini şərtləndirən əsas amillərdəndir. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər də məhz bu siyasətin məntiqi davamı idi". 

 

Milli Məclisin deputatı Rəşad Mahmudov  bildirib ki, səfər çərçivəsində aparılan müzakirələr ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəlməsinə zəmin yaratdı.

 

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən yüksək səviyyədə qəbul olunması, eləcə də liderlərin iştirakı ilə "Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənədin imzalanması Azərbaycan–BƏƏ münasibətlərinin strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi.

 

R.Mahmudov vurğulayıb ki, Prezidentlərin Əbu-Dabidə təşkil olunan "Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləməsi göstərdi ki, bu təlimlərin əsas məqsədi sülhün və təhlükəsizliyin təmin olunmasıdır. Təlimlərdə müxtəlif hərbi birləşmələrin koordinasiyası və qarşılıqlı əməliyyat bacarıqları nümayiş etdirildi. Bu da regional stabilliyin möhkəmləndirilməsi və qarşıya çıxa biləcək təhlükələrə qarşı birgə hazırlığın göstəricisi oldu. Bununla yanaşı Əbu-Dabidə Prezident İlham Əliyevin Nikol Paşinyan ilə geniş tərkibdə görüşü mühüm əhəmiyyət kəsb etdi. Tərəflər sülh gündəliyini müzakirə edərək regionda sabitliyin təmin edilməsi, qarşılıqlı etimadın artırılması və uzunmüddətli əməkdaşlıq perspektivlərini nəzərdən keçirdilər. Bu görüş həmçinin inkişaf və gələcəkdə birgə layihələrin təşviqi baxımından xüsusi əhəmiyyət daşıdı. 

 

Deputat sonda qeyd edib ki, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri və keçirilən görüşlər göstərdi ki, Azərbaycan İslam əməkdaşlığına böyük önəm verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, səfər zamanı aparılan görüşlər iki ölkə arasında iqtisadi və investisiya sahələrində əməkdaşlığın inkişafına şərait yaratdı. 

Eyni zamanda bu səfər iqtisadi və diplomatik əməkdaşlığın yeni mərhələsinin başlanğıcı oldu. Həmçinin, Azərbaycan-İslam əməkdaşlığının möhkəmləndirilməsi və regionda sabitliyin təmin olunmasına verdiyi önəmin bariz göstəricisi kimi yadda qaldı.

Chosen
55
2
ulusum.az

3Sources